"Kompleks Xocalı qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi üçün mühüm addımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

27 Fevral 2025 14:19 (UTC+04:00)

"Prezidentin Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncamı Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması, eləcə də Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi baxımdan olduqca vacib və mühüm addımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən soyqırım iyirminci əsrdə xalqımıza qarşı aparılan ən dəhşətli və qəddar cinayətlərdən biridir.

Bu cinayət nəticəsində 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdü. Odur ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.

Bu gün Xocalı artıq azaddır. Şəhidlərimizin, Xocalı qurbanlarının qisası alınıb. Uzun illər boyu haqsızlığa məruz qalan Xocalı qurbanlarının ruhu nəhayət ki, rahatlıq tapıb. Bu hadisə təkcə Azərbaycan üçün deyil, eyni zamanda beynəlxalq səviyyədə də ədalətin bərqərar olmasının bariz nümunəsidir. Obyektiv reallıq həm də ondan ibarətdir ki, Xocalı soyqırımının və xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları və rəhbərlərinin bir qismi həbs olunaraq Bakıya gətirilib və hazırda Azərbaycanın ədalət məhkəməsi qarşısında dayanıblar".

"Keçən dövr ərzində Xocalı soyqırımının tanınması, tarixi həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində xeyli işlər görülüb. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar və xüsusilə də Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərib. Xocalı ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılması üçün bu gün fəaliyyət davam etdirilir. Və ölkə başçısı tərəfindən artıq işğaldan azad olunmuş Xocalı şəhərində memorial kompleksin təməlqoyma mərasiminin keçirilməsi və müvafiq sərəncamın verilməsi şübhəsiz ki, soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində növbəti addım olacaq" - deyə o, əlavə edib.