"Doğrusu, uşaqlara həm milli köklü, həm də müasir ad seçməyin tərəfdarıyam. Həmçinin mənası gözəl, bütün dillərdə səslənməsi estetik, virtual platformada istifadəsi rahat olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, bu səbəbdən uşaqlara ad seçəndə tərkibində ə, ü, ğ, x, ö, ş kimi hərflər olan adlar olmamasına diqqət etmək lazımdır ki, virtual platformada yazıldıqda dəyişikliyə uğramasın. "Məsələn, Lalə adını virtual məkanda ya Lala, ya da Lalə olaraq yazmalı oluruq, amma Sevda adını olduğu kimi yazırıq. Bu hərfləri ona görə deyirəm ki, onlar olanda ad başqa dillərdə başqa cür tələffüz edilir. Məsələn Əli adını başqa dildə tələffüz edəndə Ə hərfi A ilə əvəzlənir, amma tutaq ki Azad adı dəyişmir. Çox görürəm, uşağına Məhəmməd adı verib onu Maqa, Mika çağıranları. Adı bəyənərək, sevərək qoymaq lazımdır uşağa, nə uşaq, nə valideyn narahat olmamalıdır o addan.
Ölkəmizin adqoyma mədəniyyətində təkrarlanan ad çoxdur, bir sinifdə 3 Mədinə, 4 Məhəmməd, 2 Hüseyn, 5 Zəhra olur. Kim olduğu anlaşılsın deyə ayama qoşulur uşaqlara – eynəkli Məhəmməd-qara Məhəmməd, balaca Zəhra-uzun Zəhra, arıq Hüseyn, kök Hüseyn. Əslində ad alternativimiz çoxdur, amma var olan adları bəyənməyən olanda da yaradıcılığı olan özü yeni ad yarada bilər, milli köklü və gözəl mənası olan. Bütün hallarda uşaqlara gözəl ad verin ki, utanmasın adından".