Hava şəraitinə uyğun olaraq ictimai nəqliyyatda hansı məhdudiyyətlər var? - QURUMLARDAN AÇIQLAMA

27 Fevral 2025 13:24 (UTC+04:00)

“Qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib və əhalinin xidmətindədir. Bütün marşrutlar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir, sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb”. Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov SİA-ya açıqlamasında bildirib.

Qurum rəsmisinin sözlərinə görə, sürücülər əlverişsiz hava şəraitində hərəkət sürətinə nəzarət etmələri, ara məsafəsi saxlamaları və baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olması barədə təlimatlandırılıb. Ölkənin bütün şəhər və rayonlarında həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşıma adi rejimdə davam etdirilir.

Həmçinin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, hava şəraitinə uyğun olaraq, metropoliten gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirir: “Qatarların hərəkət qrafiki xüsusi diqqət mərkəzindədir. Hal-hazırda hər hansı bir gecikmə yoxdur. Qarlı-şaxtalı hava şəraitində elektrik depolarının bütün infrastrukturu, o cümlədən, qatarların xəttə giriş-çıxışı tam təmin etmək üçün yoldəyişdirici qurğuları daim təmiz vəziyyətdə olması təmin olunur. Eyni zamanda bütün stansiyaların açıq hava şəraitində olan giriş-çıxışları qardan təmizlənmiş, qum duzu ehtiyatı nəzarətda saxlanılmışdır. Sərinişinlərə nümunəvi xidmət göstərib, rahatlıq və təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür”.