“Rusiya Ukraynaya ərazi güzəştləri etməli olacaq..?”

28 Fevral 2025 00:04 (UTC+04:00)

...Rusiya lideri Vladimir Putin hələ də Ukrayna ilə mənalı danışıqlarda maraqlı deyil. Kreml rəhbəri orta və uzunmüddətli perspektivdə Ukrayna ilə bağlı bütün məqsədlərinə hərbi yolla nail ola biləcəyinə inanmaqda davam edir.

SİA-nın məlumatına görə, Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri Rusiyanın Ukraynada atəşkəs tələbləri ilə bağlı Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatlarını təhlil ediblər.

Kreml rəsmiləri israr etməkdə davam edir ki, müharibənin sona çatması onun “əsas səbəbləri”nin aradan qaldırılmasını tələb edir. Onların dediyi əsas məqam Ukraynanın NATO-ya daxil olmasına və Kiyevin tam təslim olmasına mane olmaqdır.

Qərb kəşfiyyat agentlikləri və bəzi ABŞ konqresmenləri də əmindirlər ki, Putin Ukraynada hərbi məqsədlərini qoruyur və danışıqlar prosesində maraqlı deyil.

Eyni zamanda, Ukrayna prezidenti bundan əvvəl Rusiya ilə təkcə xoşməramlı danışıqlar aparmağa deyil, həm də mümkün ərazi güzəştlərini müzakirə etməyə hazır olduğunu bəyan edib.

Üstəlik, Vladimir Zelenski əvvəlcə bu fikri rədd etsə də, Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

Qeyd edək ki, Vaşinqton da Kremli xoş niyyətli danışıqlara çağırır.

Rusiya hakimiyyəti ABŞ və Avropanın mövqelərini əsaslı şəkildə fərqli göstərməyə çalışır, yanlış olaraq Avropa ölkələrini müharibənin davam etdirilməsinin tərəfdarları kimi qələmə verir, ABŞ və Avropa isə əsas məsələlərdə əsasən həmfikirdirlər.

ABŞ və Avropa İttifaqı rəsmiləri dəfələrlə bildiriblər ki, həm Rusiya, həm də Ukrayna çox güman ki, ərazi güzəştlərinə getməli olacaq.

Və Donald Tramp fevralın 26-da bir daha Rusiyanın sülh danışıqlarında təslim olmaq məcburiyyətində qalacağını vurğulayıb.

Bu fonda Avropa İttifaqı ölkələri Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib. ABŞ dövlət katibi vurğulayıb ki, 2022-ci il hadisələrinin təkrarlanmasının qarşısını almaq üçün Kiyevin çəkindirici vasitəyə ehtiyacı var.

ABŞ və Avropa rəsmiləri də dəfələrlə Ukraynanın suverenliyinin qorunmasının vacibliyini və həm Ukraynanın, həm də Avropanın sülh danışıqlarında iştirakının vacibliyini vurğulayıblar.

Kreml çox güman ki, danışıqlarda Putinin maksimalist müharibə məqsədlərinə dəstək verənlər də daxil olmaqla əlavə güzəştlər əldə etmək üçün Vaşinqton və Brüssel, eləcə də ABŞ, Avropa və Ukrayna arasında fikir ayrılıqlarını gücləndirməyə çalışır.

Əli Babayev