Qızılın qiyməti ucuzlaşır? - EKSPERT DANIŞDI

27 Fevral 2025 12:47 (UTC+04:00)

“Qızılın qiymətinin enəcəyi hələ ki, gözlənilmir. Yəni, bundan sonra dünyada baş verən geosiyasi proseslərin inkişafından asılı olacaq. Çünki qızılın qiyməti hələlik müəyyən qədər sabitləşib. Trampın hakimiyyətə gəlməsi və iqtisadiyyatın inkişafına yönəlik mesajlar verməsi, dünyada müharibələrin dayanması ideyasını ortaya atması mesajı, qızılın qiymətinin müəyyən müddət sabit qalmasına səbəb olub”. Bu sözləri SİA-ya açıqlamasında iqtidadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Amma məsələ burasındadır ki, artıq Trampın prezidentliyə gəlməsindən bir ay keçir və onun mesajları ilə əməlləri üst-üstə düşmür. Bu isə qızılın qiymətinin yenidən bahalaşması ehtimalını gücləndirir.

Bəs qızılın bahalaşması konkret olaraq nə ilə bağlıdır?

Dünyada iqtisadi böhran yaxınlaşanda bunu ilk olaraq sahibkarlar və biznesmenlər hiss edirlər. Çünki onlar öz gəlirlərinin azalacağını, işlərinin rentabelliyinin düşəcəyini öncədən anlayırlar. Onlar düşünürlər ki, əgər dövriyyədə olan kapital böhrana səbəb ola biləcəksə, o zaman bu kapitalı daha etibarlı investisiya vasitələrinə yönəltmək lazımdır. Belə vəziyyətdə ən etibarlı “sığınacaq” vasitəsi qızıl hesab olunur və sahibkarlar dərhal öz sərmayələrini qızıla yatırırlar. Bu cür çətin dövrlərdə qızıldan bir növ müdafiə vasitəsi kimi istifadə olunduğuna görə ona olan tələbat artır. Təklif isə sabit qaldığından qızılın qiyməti bahalaşır.

Dünyada qızılın bahalaşması həmişə ən etibarlı böhran göstəricilərindən biri hesab edilir. Demək ki, dünya iqtisadiyyatı böhrana doğru gedir və buna görə də sahibkarlar kapital yatırımlarını investisiyaya deyil, dəfinəyə yönəldirlər.

Dəfinənin də ən etibarlı vasitəsi qızıldır. Buna görə də dünyada qızıla tələbat artır. Qızıla tələbat artdıqca dünya bazarında onun qiyməti yüksəlir. Bu isə bütün dünya ölkələrinin daxili qızıl bazarına təsir göstərir. Mən düşünürəm ki, yaxın gələcəkdə qızılın qiymətinin düşməsi ehtimalı azdır. Bahalaşma meyilləri uzun müddət davam edə bilər”.

Ayşən Vəli