Qeyri-sabit hava şəraiti ilə əlaqədar vəziyyət nəzarət altındadır

27 Fevral 2025 12:24 (UTC+04:00)

Peşəkar Futbol Liqası (PFL) bu gün Azərbaycan Kubokunda, 1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında keçiriləcək oyunlar barədə bəyanat yayıb. Qurumdan SİA-ya verilən məlumata görə, PFL-in bayrağı altında keçirilən bütün yarışlarda qeyri-sabit hava şəraiti ilə əlaqədar ümumi vəziyyətin nəzarət altında olduğu bildirilib.

“Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək” , - deyə bəyanatda qeyd olunub.