Təkliflərin həyata keçirilməsi olduqca önəmli idi - SİYASİ PARTİYA RƏHBƏRLƏRİ - SORĞU

27 Fevral 2025 12:08 (UTC+04:00)

Məlumdur ki, ötən gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin rəhbərliyi ilə “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib. SİA həmin dəyirmi masada iştirak edən partiya sədrlərindən Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa və Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikirlərini öyrənib.

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa: “Ötən gün keçirilən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa olduqca önəmli məsələyə həsr olunmuşdu. Burada ilk növbədə müstəqilliyimizin bərpasından sonrakı dövrdə suverenliyin bərpasının vacib bir proses olduğu diqqət mərkəzinə gətirildi. Burada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin sədrliyi ilə çox geniş əhatəli müzakirə getdi. Həm dövlət orqanlarının təmsilçilərinin, həm də siyasi partiyaların təmsilçilərinin çıxışları oldu.

Bu əslində, elə partiyalararası dialoqun daha yeni bir formada özünü təqdimatı idi. Kifayət qədər açıq və ölkəmiz üçün vacib olan məsələlər gündəmə gətirildi. Burada alınan fikirlər çox vacib idi. Təkliflər səsləndirildi. Təkliflərin həyata keçirilməsi olduqca önəmli idi. Bu, həm də gələcəkdə siyasi dialoqun daha da qalıcı xarakter daşımasını təmin edən proses üçün əhəmiyyətli idi.

Burada həm də müvafiq Prezident Aparatının şöbəsinin fəaliyyəti ilə bağlı həm videoçarx izlənilməsi, həm oradakı məlumatların bir daha hesabat formasında Ədalət Vəliyev tərəfindən çatdırılması bu sahədə cənab Prezidentin iradəsinin nə qədər ardıcıl olduğunu və bu sahəyə böyük əhəmiyyət verdiyini, dialoqa nə qədər həssas yanaşdığını göstərirdi. Burada hər bir partiya təmsilçisi də öz fikirlərini çatdırdı.

Hesab edirəm ki, bu proses davam edən bir prosesdir. Burada həm də suverenliyimizin müdafiəsi istiqamətində onun qalıcı bir dəyər olaraq ölkədə mövcudluğuna, həm də siyasi qüvvələrin bu cür dinamik yanaşması, eyni zamanda dövlətimizin əsas funksiyalarının qorunması və onun gələcəyi ilə bağlı vacib paradiqmaların müəyyənləşməsi üçün yeni imkanlar yaratdı. Ümid edirəm ki, bu cür tədbirlərin faydası 1-2 günlük ola bilməz. Yaxın gələcəkdə hər halda bunun nəticələrinin müsbət istiqamətdə yaranan tendensiyanı daha bariz şəkildə müşahidə edə biləcəyik”.

Vəhdət Partiyasının Sədri Tahir Kərimli: “Prezident Administrasiyasının müvafiq şöbəsinin rəhbəri Ədalət müəllimin rəhbərliyi ilə çox gözəl, yüksək səviyyədə dəyirmi masa təşkil olunmuşdu. Siyasi partiyaların rəhbərləri iştirak edirdi, media kapitanları, politoloqlar və alimlər də orada idi.

Ciddi şəkildə müzakirə aparıldı. Əlbəttə ki, suverenliyin bərpası və eyni zamanda siyasi dialoqun formalaşması və inkişafı sahəsində hər kəs öz fikirlərini bildirdi. Hörmətli Ədalət müəllim çox ciddi məruzə etdi. Onun ətrafında dövlət qurumlarının rəhbərləri və eyni zamanda siyasi partiyaların rəhbərləri də çıxış etdilər. Çoxlu fikirlər səsləndirildi.

Hesab edirəm ki, bu görüşlərin bu cür keçirilməsi çox mühümdür. Yəni siyasi partiyalar arasında dialoqun təşviqi və təşkilati işin ümümiliyini bir daha göstərdi. Əlbəttə ki, bu, radikal qüvvələrə və Azərbaycanı sevməyən qüvvələrə xoş gəlməz bir mesaj oldu. Eyni zamanda xalqımız bir daha gördü və əmin oldu ki, bütün siyasi partiyalar suverenliyimiz, dövlət bütövlüyümüz, bütün ərazilərimiz üzərində suverenliyin bərpası xüsusən 2023-cü ilin sentyabr ayından sonra Ali Baş Komandanın rəhbərliyi və ordumuzun köməkliyi ilə ərazilərimizin azad olunub üzərində suverenliyin bərpa olunandan sonra daha çox ehtiyac var siyasi dialoqa, insanların bir-birini başa düşməyə və anlamağa. Buna görə də mən bu prosesi çox mühüm hesab edirəm.

Siyasi hakimiyyətin konstitusion idarəçiliyinin bir elementi, bir aləti kimi siyasi partiyaların bir yerdə toplanması və fikir mübadiləsi aparması çox mühümdür. Eyni zamanda dövlət başçısının apardığı siyasəti birbaşa, birinci əldən partiyalara çatdırılması və bu istiqamətdə dövlət suverenliyinin möhkəmləndirilməsi üçün siyasi partiyaların qarşıda duran vəzifələrin yerinə yetirməsi və istiqamətlərin müəyyən edilməsi çox mühüm bir mesaj oldu. Vəhdət Partiyasının sədri olaraq da mən bu görüşün keçirilməsindən çox məmnun oldum. Doğrudan da səmimi bir ortam yarandı”.

Ayşın Vəli