"Müəllimlərə olan tələblər fakültə və ixtisasa görə dəyişir" - MÜNASİBƏT BİLDİRİLDİ

27 Fevral 2025 11:23 (UTC+04:00)

"Universitet müəllimlərinə tələblər vakansiya çıxarılanda göstərilir. Bütövlükdə universitetdə çalışan kafedra işçilərinə tələblər elan veriləndə göstərilir". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

O bildirib ki, kafedra müdiri bakalavr təhsilli şəxs ola bilməz: "Amma pedaqoji sahədən, müəllim bakalavr təhsili ilə universitetdə çalışa bilir. Daha sonrakı məqamda isə müəllimin mütləq elmi dərəcəsi olmalıdır.

Müəllimlərin işə qəbulu prosesi, universitetin müvafiq müsabiqə komissiyası tərəfindən həyata keçirilir. Namizədin minumum magistr dərəcəsinin olması tələb olunur. Əlbəttə, namizəddən xarici dil bilgisinə üstünlüyü, tədqiqatla məşğul olması, elmi məqalaləri, dərslik və eyni zamanda müvafiq sahə üzrə peşəkarlıq tələb olunur. Ali təhsil müəssisələrində professor, müəllim, kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında əsasnamə var. Bu əsasnamə əsasında universitetin müvafiq müsabiqə komissiyası işə qəbulla bağlı qərar qəbul edir. Dekan və dekan müavini inzibati vəzifə daşıdığı üçün burada onların dünyagörüşü, peşəkarlığı, digər fərdi keyfiyyətləri nəzərə alınır".

Onun sözlərinə görə, müvafiq sahə üzrə adıçəkilən vəzifə nümayəndələri elmi araşdırmalarla məşğul olmalı, kommunikasiya qurmaq bacarığı olmalı və eyni zamanda tədrislə bağlı işinin mütəxəssisi olmalıdır: "Müəllimlərə olan tələblər fakültə və ixtisasa görə dəyişir. Bu vakansiyalar universitetin rəsmi saytında və KİV-də öz əksini tapır. İddiaçı olanlar həmin tələblərə cavab verirlərsə, müsabiqəyə qatılıb, həmin vakansiyaları tutmaq imkanı əldə edə bilirlər".