"Qarlı hava şəraiti nəqliyyatı iflic vəziyyətə gətirir" - EKSPERT FİKRİ

27 Fevral 2025 10:51 (UTC+04:00)

“Qarlı havada nəqliyyatın hərəkətindəki çətinliklər göz önündədir. Qarlı havada yaranan çətinliklər ondan ibarətdir ki, yol nəqliyyat hadisələrinin sayı artır, yollar buz bağlayır, nəqliyyat vasitələrində sürüşmə problemləri ortaya çıxır. Həmçinin qarlı hava zəncirvari qəzalara yol açır. Ümumiyyətlə nəqliyyat vasitələrinin hərəkəti çətinləşdirilir”. Bu sözləri sosial məsələlər üzrə ekspert İlqar Hüseynli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu çətinliklər ümumi ölkənin ictimai iş, təhsil həyatını və digər problemləri dərinləşdirir: “Bu problemlərin yaranması nəqliyyatı iflic vəziyyətinə gətirir. Qarlı hava şəraiti fevral ayının 23-dən başlayıb və hələ də davam etməkdədir. Fevralın 24-də Yerüstü Nəqliyyat Agentliyinin verdiyi məlumata görə, 40-a yaxın avtobus və digər nəqliyyat vasitələri zəncirvari, həmçinin tək-tək edilən qəzaların iştirakçısı olub. Bu o deməkdir ki, bu say qədər də ictimai nəqliyyat vasitələrinin qəzaları olub, həmçinin bu qəzalar da çox sayda xəsarət alanlar olub. Qar yağma prosesi hələ də davam edir, ümumi statistikadan danışmaq hələki çətindir. Amma qarlı hava şəraiti kifayət qədər sayda istər regionlarda, istərsə də Bakı şəhərinin daxilində yol qəzalarının artmasına gətirib çıxarıb. Bunlar hamısı görünən statistikadır. Hava şəraitinin bu cür sərtləşməsi və dəyişməsi sözsüz ki, ölkədə bir çox problemlərə yol açır və hərəkət həyatını məhdudlaşdırır”.