"İnsanlar cəmiyyətdə böyüyərkən müxtəlif qəliblərə salınır, bəzən də sərt qınaqlara məruz qalırlar. "Bunu etmə!", "Sənə yaraşmaz!", "Ağıllı ol!" kimi ifadələr fərdin düşüncələrini və davranışlarını formalaşdırır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.
Psixoloq bildirib ki, bir çox insan üçün bu məhdudiyyətlər həyat boyunca içində qapanmış bir potensial kimi qalır: "Lakin insan ruhu bənzərsizdir – yaşanmamış həvəslər, boğulmuş arzular gec-tez üzə çıxmağa başlayır.
Bəzən bu, müəyyən yaş dövrlərində gözlənilməz şəkildə ortaya çıxır. Məsələn, uşaqlıqda rəsm çəkməyə meyilli olan, lakin "bu sənə peşə olmaz" kimi cümlələrlə qarşılaşan biri illər sonra incəsənətə marağını yenidən kəşf edə bilər. Qınaq və qəliblərin insan psixologiyasında dərin iz buraxması məhz burada özünü göstərir. İnsan daim daxili mübarizə aparır – içindəki "olmalı olduğun" və "olmaq istədiyin" obrazları arasında.
Bu psixoloji prosesin nəticələri fərqli ola bilər. Bəziləri gec də olsa, öz yolunu tapır, bəziləri isə içindəki arzuların reallaşmamasının verdiyi gərginliklə yaşayır. Elə hallar olur ki, bu reallaşmamış arzular psixosomatik problemlərə, xroniki stresə və hətta depressiyaya çevrilir".
"Bəs bunun qarşısını necə almaq olar? Birinci addım – insanı qəliblərə salmamaqdır. Hər kəsin fərqli düşüncəsi, hissləri və arzuları var. Cəmiyyət olaraq insanları qınamaq əvəzinə, onların potensialını anlamalı və dəstəkləməliyik. Çünki boğulmuş arzuların gec-tez üzə çıxması qaçınılmazdır – ya yaratma ehtiyacı kimi, ya da peşmançılıq kimi.
Unutmayaq, insanın ən böyük azadlığı özünü olduğu kimi ifadə edə bilməsidir. Bu azadlığı əlimizdən alan qəliblər və qınaqlar isə gələcəyimizin görünməz zəncirlərinə çevrilə bilər" - deyə o, əlavə edib.