İkili standartlar səbəbindən Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib - Ombudsman

27 Fevral 2025 08:48 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizin Ukraynanın Xarkov şəhərində fəxri konsulunun təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar keçirilmiş anım tədbirində onlayn qaydada iştirak edib. SİA xəbər verir ki, Ombudsman Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımı hadisəsi barədə ətraflı məlumat verib.

Müvəkkil soyqırımı nəticəsində fundamental insan hüquqlarının, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.

Ombudsman hər il Xocalı soyqırımının ildönümü ilə bağlı müvafiq bəyanatların hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edildiyini, lakin ölkəmizə qarşı nümayiş olunan ikili standartlar səbəbindən bu cinayətə indiyədək beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilmədiyini bildirib.

Səbinə Əliyeva Xocalı sakinlərinə qarşı törədilmiş cinayət əməllərinin soyqırımı kimi tövsif edilməsinin, cinayətkarların məsuliyyətə cəlb olunmalarının əhəmiyyətini vurğulayıb.