İƏT Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb

27 Fevral 2025 07:22 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb. SİA xəbər verir ki, bəyanatda göstərilir ki, 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımının 33-cü ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha həlak olanların xatirəsini ehtiramla yad edib.

Baş katib Xocalı hadisəsinin Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayıb. O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2024-cü ildə Kamerun Respublikasının Yaunde şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 5-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” 47/50-POL saylı Qətnaməyə istinad edib, işğal olunmuş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirib.