Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Xocalı faciəsi barədə ətraflı məlumat verib.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun köməyi ilə Xocalıda misli görünməmiş qətliam törədiblər, yüzlərlə günahsız insan, o cümlədən körpə uşaqlar və qocalar xüsusi qəddarlıqla qətlə yetiriliblər.
Səfir vurğulayıb ki, yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayətə hüquqi-siyasi qiymət verilib, hər il fevral ayının 26-sı Xocalı soyqırımı günü kimi qeyd olunmağa başlayıb.
Diplomat vurğulayıb ki, Azərbaycan dövləti Xocalı soyqırımına dünyada hüquqi siyasi qiymət verilməsi istiqamətində kampaniya aparır: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası nəticəsində artıq dünyanın 50-dən çox ölkəsində faciə barədə qərar və qətnamələr qəbul olunub”.
O, hər il dünyanın bir çox ölkəsində olduğu kimi, Gürcüstanda da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildiyini diqqətə çatdırıb.
F.Quliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini, bununla da şəhidlərimizin qisasının alındığını xüsusi qeyd edib. Bildirib ki, indi həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Sonra Diaspora Komitəsinin məsul əməkdaşı Şəfəq Binnətova komitənin dəstəyi ilə Gürcüstanın bölgələrində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra muzeyin direktoru Leyla Əliyeva, əslən Xocalıdan olan Gülnaz Çıldırlı, politoloq, tarix elmləri doktoru Badri Nackebia, politoloq Simon Kopad, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, müfti Etibar Eminov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndələri Məhəmməd Şamilov və Sabir Musayev, Marneulinin meri Kənan Ömərov Xocalı soyqırımı ilə bağlı danışıblar, ermənilər tərəfindən törədilən faciəni pisləyiblər.