Qazaxıstanda Xocalı soyqırımının qurbanları anılıb

26 Fevral 2025 18:20 (UTC+04:00)

Azərbaycanın Qazaxıstandakı səfirliyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, tarixçilər, alimlər, media subyektlərinin təmsilçiləri və Qazaxıstanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Həmçinin onlar Ümummilli Lider Heydər Əliyevin büstünə və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciəli hadisəyə həsr olunmuş stendin önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Xocalı hadisələri nəticəsində 613 nəfərin həlak olduğunu, 1275 mülki şəxsin, o cümlədən uşaq, qadın və qocanın əsir götürüldüyünü, 487 nəfərin əlil olduğunu, 150 nəfərin isə itkin düşdüyünü diqqətə çatdırıb. "İlk dəfə 1994-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti faciəyə siyasi qiymət verib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyasına başlanılıb", - deyən səfir 17 ölkədə, həmçinin Amerika Birləşmiş Ştatlarının 24 ştatının parlamentlərində Xocalıda mülki şəxslərin kütləvi qətlini pisləyən, onu insanlığa qarşı cinayət kimi qiymətləndirən qətnamə və qərarların qəbul edildiyini vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edildiyini və tarixi ədalətin bərpa olunduğunu vurğulayan diplomat Bakıda hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəmə qarşısında cavab verdiklərini vurğulayıb. “Biz inanırdıq ki, nə vaxtsa onlar öz dəhşətli cinayətlərinə görə məhkəmə qarşısında cavab verəcəklər. Ədalət gec-tez qalib gələcək”, - deyə səfir bildirib.

Daha sonra çıxış edən Qazaxıstan və Mərkəzi Asiya Tarix İnstitutunun baş direktoru Samat Jumatayulı və tarixçi Daniyar Kasımov Xocalı faciəsinin heç vaxt unudulmayacağını diqqətə çatdırıblar.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film və fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib, ehsan süfrəsi açılıb.