“Ermənilərin viran qoyduğu Ağdam yenidən qurulur” - DEPUTAT DANIŞDI

26 Fevral 2025 16:31 (UTC+04:00)

“Bu gün biz Ağdamdayıq, 30 il ərzində talanmış, dağıdılmış, viran qoyulmuş, insanları qovulmuş, öldürülmüş, əsir götürülmüş və nəhayət düşmən tapdağından azad edilmiş yurd yerimizdə, Azərbaycanın ayrılmaz hissəsi olan torpağımızdayıq. İşğal dövründə “Qafqazın Xirosiması” adını almış bir şəhərdən bəhs edirəm. 44 günlük müharibənin bitməsindən, Ağdamın azadlığına qovuşmasından 4 il 3 ay keçir. Bu qısa zaman kəsiyində Ağdamın əvvəlki görkəmindən daha yaxşı olması üçün bütün dövlət qurumları səfərbər olub, uğurlu nəticələr əldə edilib. İlk növbədə təhlükəsizlik təmin edilib, minalardan təmizləmə prosesi hələ də davam edir, paralel olaraq da böyük quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin şəxsən nəzarət etdiyi tikinti işləri unikallığı ilə fərqlənir. Məsələ burasındadır ki, Azərbaycan dövləti bütün bu işləri öz gücünə, təkbaşına həyata keçirir”. Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir: “İqtisadi reinteqrasiya, bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar yaradır. Biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib. Əlbəttə, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi əsas prioritetdir. Bu gün Ağdam rayonunda həyata keçirilən sürətli bərpa və yenidənqurma işləri sənaye, aqrar və turizm potensialını genişləndirmək, əhalinin təhlükəsiz şəkildə, o cümlədən sosial problemlərini həll etmək üçün yaradılan şəraitdən yararlanması üçündür. İnanırıq ki, sahibkarların bu potensialdan geniş və səmərəli istifadə etməsi onların bölgədə uğurlu biznesini təmin edəcək, həmçinin Qarabağın dirçəlişinə böyük töhfə verəcək”.

A.Hüseynov Ağdam rayonunda əldə edilən uğur və yeniliklərdən danışarkən qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində böyük layihələr həyata keçirilir: “Abadlıq-quruculuq işləri görülür, ermənilərin viran qoyduğu Ağdam yenidən qurulur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, rayonda həyata keçirilən quruculuq işlərini daim diqqətdə saxlayan Prezident İlham Əliyev Ağdama son 4 ildə 10 dəfə səfər edib. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə ediləcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 18-də Ağdam şəhərinə növbəti səfəri tarixi hadisələrlə yadda qaldı. Səfər çərçivəsində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar. Prezident Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işlərinə də baxıb. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin Baş Planına uyğun salınıb. Ölkə başçısı “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olmaqla yanaşı Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə də maraqlanıb. Göründüyü kimi, azadlığa qovuşmasından ötən dörd il 3 ay müddətində Ağdam rayonunda “Böyük Qayıdış” proqramı çərçivəsində böyük layihələr həyata keçirilir, abadlıq-quruculuq işləri görülür”.