Evlilikdə yaş fərqi olmalıdır? - EKSPERT FİKRİ

26 Fevral 2025 16:15 (UTC+04:00)

“Evlənmək və ailə qurmaq cəmiyyətdə vacib sosial hadisələrdən biridir. Hər bir cəmiyyətdə evlilik və ailə qurma ilə bağlı müəyyən qaydalar və ənənələr mövcuddur. Bizim cəmiyyətdə də evlənməyin özünə məxsus tələbləri və kriteriyaları vardır. Bu tələblərdən biri də evlənmək istəyən cütlüklər arasındakı yaş fərqidir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ramal Əliyev sözlərinə belə davam edib: “Ölkəmiz hüquqi-demokratik dövlət olduğu üçün, qanunvericiliklə evlənmək üçün minimum yaş həddi 18 olaraq müəyyən edilmişdir. Lakin, cəmiyyətin mental yanaşması baxımından, ənənəvi olaraq evlənən cütlüklər arasında kişinin qadından yaşca böyük olması gözlənilir. Bu düşüncə, bir çox insanlar üçün müasir dövrdə də qəbul edilən bir qayda olaraq qalır. Lakin, İslam nöqteyi-nəzərindən, bu yanaşma dəyişir. Məsələn, İslam peyğəmbəri Həzrəti Muhəmməd, özündən yaşca böyük olan Xədicə ilə ailə qurmuşdur. Bu, yaş fərqinin böyük olması məsələsinin İslamda heç bir əngəl yaratmadığını göstərir. Hətta bəzi hallarda, yaş fərqi daha böyük olsa belə, cütlüklərin xoşbəxtliyi üçün problem olmur.

Cəmiyyətin bu məsələyə yanaşması bəzən daha kompleksdir. Ümumilikdə, bir ailənin xoşbəxt olması üçün yaş fərqinin böyük rol oynadığını düşünmürəm. Azərbaycanın sosial kontekstində, kişi ilə qadın arasındakı yaş fərqi daha çox qəbul edilir və bu fərqin 5-7 il olması adətə uyğun sayılır. Bunun özünün psixoloji, bioloji və sosioloji səbəbləri vardır. Məsələn, əgər kişi 26-27 yaşındadırsa, qadın 20-21 yaşında olur. Bu yaşlarda, kişi artıq ali təhsilini tamamlayıb və hərbi xidmətini başa vurmuş olur. Qadın isə eyni yaşda ali təhsil almağa başlamış və ya bu mərhələyə yaxınlaşmış ola bilər. Bu yaş fərqi, həmçinin sosial rolların müəyyənləşdirilməsi və həyat təcrübəsinin bir-birini tamamlaması baxımından əhəmiyyətlidir. Sonuç olaraq, yaş fərqinin sosial və mədəni kontekstdə necə qiymətləndirildiyi cəmiyyətin mental yanaşmasından asılıdır. Lakin, hər bir cütlük öz həyatını qurarkən, qarşılıqlı hörmət, sevgi və anlaşma üzərində qurulmuş bir əlaqə daha əhəmiyyətlidir”.

Ayşən Vəli