Siyasi partiya rəhbərlərinin dəyirmi masa barədə TƏƏSSÜRATLARI - SORĞU

26 Fevral 2025 15:28 (UTC+04:00)

Məlumdur ki, dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin rəhbərliyi ilə “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib. SİA həmin dəyirmi masada iştirak edən partiya sədrləri arasında sorğu edib.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev: “Fevralın 24-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən “Suverenliyin bərpası: Siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masanı yüksək qiymətləndirirəm. Tədbirdə ölkənin siyasi inkişafı, yeni reallıqlar və qarşıdakı hədəflər ətrafında əhəmiyyətli müzakirələr aparılması ciddi dönüş nöqtəsi ola bilər.

Azərbaycanın tam suverenliyinin bərpası ölkədə siyasi münasibətlər sistemində də yeni mərhələ açıb. İndi qarşımızda duran əsas vəzifə bu yeni dövrə uyğun siyasi dialoqu davam etdirmək, əməkdaşlıq mühitini gücləndirmək və cəmiyyətin müxtəlif siyasi təbəqələri arasında sağlam münasibətlərin qurulmasını təmin etməkdir.

Ölkənin gündəlik həyatında siyasi institutların və partiyaların daha aktiv iştirakı, qanunvericilik sahəsində aparılan islahatlar və demokratik proseslərin dərinləşdirilməsi ölkənin gələcək inkişafı üçün vacibdir. İstərdik ki, milli maraqlara xidmət edən inklüziv siyasi mühitin formalaşdırılması və cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində fəal iştirakına yaradılan şərait daha da artsın. Bu kimi müzakirələrin davamlı olması və siyasi qüvvələr arasında sağlam dialoqun gücləndirilməsi Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək. Bu baxımdan, bugünkü dəyirmi masa mühüm addımlardan biri kimi qiymətləndirilməlidir”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: “Dünən Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri cənab Ədalət Vəliyevin moderatorluğu ilə “Siyasi partiyaların suverenliyinin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada çıxış edən Ədalət Vəliyev 2020-ci ildən etibarən ölkəmizdə cənab Prezidentin xüsusi önəm verdiyi siyasi islahatların mahiyyəti üzərində dayanaraq yeni siyasi konfiqurasiyanın formalaşmasının vacib detallarını təhlil etdi. O, siyasi partiyaların siyasi sistemimizdə yerinin və rolunun artırılması ilə bağlı həyata keçirilən tələblər üzərində geniş dayandı.

Həqiqətən də etiraf etmək lazımdır ki, 2020-ci ilə qədər Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar çox xaotik vəziyyətdə idi. Qarşılıqlı münasibətlər düşmənçilik mövqeyindən o tərəfə keçmirdi. Hətta özünü müxalifət elan edən partiyalar arasında da belə biri digərini tanımır, qəbul etmir və eyni zamanda müxalifətin iqtidara qarşı barışmaz, əsası olmayan münasibəti özünü bütün istiqamətlərdə göstərirdi.

Bütün sahələrdə olduğu kimi, siyasi mühitimizin də şəffaflaşdırılması, siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, qarşılıqlı hörmətə söykənən əməkdaşlığın formalaşdırılması, müxalifət-iqtidar münasibətlərinin normal müstəviyə gətirilməsi kimi vəzifələr ölkə Prezidentinin yaratdığı və Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə tərəfindən qısa müddət ərzində həyata keçirilməyə başlandı.

Bütün bu proseslərin xronikasına toxunan Ədalət Vəliyev bildirdi ki, hazırda ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 24-ü ilə iqtidar arasında sivil əməkdaşlıq mövcuddur. 2020-ci ildən bu günə qədər ötən qısa zaman kəsiyində iqtidar və siyasi partiyalar arasında 52 görüş, müxtəlif xarakterli konfranslar və dəyirmi masalar keçirilib. Bu da birmənalı şəkildə sübut edir ki, bu gün iqtidar-müxalifət arasında sağlam münasibətlər və sivil əməkdaşlıq mövcuddur. Bu, əlbəttə, Azərbaycanın siyasi mühitinə ciddi töhfələr verən mühüm bir hadisədir. Artıq Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra yeni bir mərhələyə qədəm qoyub. Məhz bu yeni mərhələdə siyasi partiyalarla əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin daha yüksək səviyyəyə qalxmasını təmin edəcək bütün şərtlərin həyata keçirilməsinin vacibliyi Ədalət Vəliyev tərəfindən dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıldı.

Çox işgüzar və maraqlı müzakirələr aparıldı. Müzakirələrdə həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya liderlərinin maraqlı çıxışları və verdikləri dəyərləndirmələr Ədalət Vəliyev tərəfindən müsbət qarşılandı. Dəyirmi masaların ayrı-ayrı konkret mövzular ətrafında keçirilməsinin vacibliyi qərara alındı. Səsləndirilən fikirlər dəyirmi masa iştirakçılarının və əlbəttə ki, bu tədbirin təşkilatçısı olan Prezident Administrasiyasının müvafiq şöbəsinin razılığı ilə qarşılandı. Ümidvaram və əminəm ki, bundan sonra müxalifət partiyaları ilə iqtidar arasında əməkdaşlıq yüksək səviyyədə davam edəcək. Çünki bu əməkdaşlıq ölkəmizdə milli həmrəyliyin möhkəmlənməsinə xüsusi töhfələr verir və bundan sonra da Azərbaycan dövlətçiliyinin güclənməsində özünü göstərəcəkdir.

44 günlük Vətən müharibəsində və eyni zamanda antiterror əməliyyatında siyasi partiyaların dövlətimiz, Ali Baş Komandan, Azərbaycan xalqı və Silahlı Qüvvələrimizlə bərabər olması unikal bir nümunə idi. Biz bu nümunəni, bu birliyi və sağlam əməkdaşlığı qorumalı və inkişaf etdirməliyik”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Dünən ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin, eləcə də bir sıra politoloqların kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə suverenliyin bərpası, siyasi müstəviliyin münasibətlər sisteminin formalaşması mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masa bilavasitə Prezident Administrasiyasının siyasi partiyalar ilə və qanunvericilik hakimiyyəti əlaqələr şöbəsinin təşkilatçılığı eləcə də bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilib. Bu qəbildən olan tədbirlər əvvəlki dönəmlərdə də keçirilmişdir. Dünənki çıxışımızda bu cür tədbirlərin - siyasi partiya rəhbərlərinin iştirakı ilə keçirilən tədbirlərin olduqca təqdirə layiq olduğunu bildirmişdik.

Məlumdur ki, 5 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə yeni siyasi münasibətlər sisteminin dialoq mühitinin formalaşmasının vacibliyi ilə bağlı cəmiyyətə bir mesaj verdi. Bu istiqamətdə ciddi siyasi addımların atılmalı olduğunu bildirdi. 2019-cu ilin noyabrında Azərbaycanda bir ilk olaraq Azərbaycan Prezident Administrasiyası nəzdində siyasi partiyalar ilə və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi formalaşmışdır. 2020-ci ilin fevral-mart aylarından etibarən həmin şöbəyə rəhbər təyin olunmuş hörmətli Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən istisnasız olaraq bütün siyasi partiyaların rəhbərləri ilə davamlı olaraq görüşlər keçirməyə başladı. Bir sıra müzakirələr, məsləhətləşmələr həyata keçirildi. Bu proses artıq 5 ildir ki, olduqca uğurla davam edir və bu prosesin uğurla davam etməyində təbii ki cənab Prezidentin yürütdüyü siyasət və həmin siyasəti uğurla həyata keçirən Ədalət müəllimin rəhbərliyi ilə müvafiq şöbə var ki, dünənki tədbirdə həmin müvafiq şöbənin bilavasitə təşkilatçılığı ilə və şöbənin rəhbəri hörmətli Ədalət müəllimin moderatorları ilə keçirilirdi.

Bir daha qeyd edim ki, bu tip tədbirlərin keçirilməsi olduqca təqdirə layiqdir. Biz ötən 5 il ərzində dəfələrlə belə dəyirmi masalarda, konfranslarda, səfərlərdə həmçinin video konfrans formatında görüşlərdə iştirak etmişik və hər dəfə də siyasi partiya rəhbərlərinin iştirakı ilə keçirilən tədbirlərdə siyasi partiyalara əlavə bir tribuna təqdim olunur. Ölkə daxili, ölkə xaricində regionda baş verən hadisələr ilə bağlı hər kəs öz mövqeyini, fikirlərini bildirə bilir. Mən dünənki çıxışımda da xüsusi olaraq vurğuladım ki, bu cür siyasi partiyaların bir araya gəlməsi dövlətçilik baxımından olduqca faydalıdır. Həmçinin onu da xüsusi olaraq qeyd edə bilərəm ki, siyasi partiyalar müxtəlif məsələlər ilə bağlı müxtəlif mövqelər nümayiş etdirə bilərlər. Biz bunun uğurlu nəticəsini gördük. İkinci Qarabağ müharibəsi öncəsi partiyalar birgə mövqedən çıxış etdilər. Xüsusilə 44 günlük müharibə dönəmində, antiterror əməliyyatları həyata keçirilərkən, ərazi bütövlüyümüz bərpa olunarkən, suverenliyimiz bərpa olunarkən siyasi partiyalar vahid mövqedən - dövlətçilik mövqeyindən çıxış etdilər. Dövlətin yanında Ali Baş Komandanın yanında olduqlarını imzaları ilə, bəyanatları ilə sübut etdilər. Bizim bir çox düşmənlərimizə xüsusi olaraq mesaj oldu. Bunun sayəsində hesab edirəm ki, bir çox xarici təhdidlərdən sığortalanmış olduq. Xarici təhdidlərin də qarşısını almış olduq. Çünki, Azərbaycan cəmiyyətindəki bu bütövlük siyasi partiyalarında eyni mövqedən dövlət ilə dövlətçilik məsələləri ilə mövqedən çıxış etməsi ölkəyə olan müəyyən basqılar vardı, ölkəyə müəyyən təhdidlər vardı onları da önləmiş oldu. Qarşıda çox ciddi hədəflər var. Bu hədəflər Zəngəzur dəhlizi ilə bağlı hədəflərdir, bizim Qərbi Azərbaycandan son bir əsr ərzində qovulmuş, deportasiya olunmuş, sürgünə məruz qalmış bacı-qardaşlarımızın öz dədə-baba yurdlarına qayıtması məsələsi var ki, hazırda gündəmdədir. Və biz bunu beynəlxalq hüquqi müstəvidə həll etməyə çalışırıq və tam əminəm ki, bu məsələ də öz həllini tapacaq. Bu istiqamətdə Azərbaycan dövlətinin güclənməsi, Azərbaycanın regionda güc sahibinə çevrilmiş Azərbaycanın bir qədər də qüdrətinin artırılması istiqamətində siyasi partiyaların eyni mövqedən çıxış etməsi təbii ki olduqca vacib və əhəmiyyətli məsələdir. Bütövlükdə ölkədə çox partiyalı sistemin formalaşması, bərqərar olması bu gün parlamentdə ölkədə mövcud olan 26 siyasi partiyadan 11-i təmsil olunur. Eləcə də son bələdiyyə seçkilərində partiyaların bir - ikisi istisna olmaqla iştirak etdilər. Bələdiyyələrdə də partiyalar mövcud fəaliyyətdə olan partiyalar təmsil olunurlar və bütövlükdə bu olduqca əhəmiyyətlidir. O baxımdan əhəmiyyətlidir ki, ölkə daxili və ölkəyə qarşı ölkə daxili məsələlərdə birlik nümayiş etdirilir. Ölkəyə qarşı müəyyən qüvvələr ki, onların da hər hansı bir Azərbaycana qarşı addımlar atmaq fəaliyyəti də önlənmiş olur. Çox partiyalı sistemin bundan sonra da inkişafına ehtiyac var və bu cür dialoq mühitinin dayanıqlı olmasına ehtiyac var və bu istiqamətdə də həm Dövlət Başçısının yürütdüyü siyasət olduqca təqdirə layiqdir. Administrasiyanın siyasi partiyalar ilə və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbəsinin də bu sahədə partiyalar ilə bilavasitə dialoq mühitinin formalaşmasındakı fəaliyyəti müsbət qiymətləndirilir. Bundan sonra da bu istiqamətdə ciddi fəaliyyət göstərmək arzuolunandır. Əminəm ki, bu fəaliyyət davamlı olacaq və bu bütövlükdə ölkədə siyasi partiyalaşma institutunun, demokratiyanın bir qədər də inkişafına rəvac verəcək”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə: “Əslində, bu cür görüşlər ölkədə açıq siyasi dialoq və əməkdaşlıq mühiti yaradır. Burada iqtidar və müxalifət bir araya gələrək, Azərbaycan dövlətinin və Azərbaycan xalqının problemlərinin həlli yollarını müzakirə edir. Mənə elə gəlir ki, bu ölkədə milli dəyərlər ətrafında hamının və bütün siyasi qüvvələrin birliyini və eyni məqsədlərə xidmət etməyə şəraitini yaradır. Müsbət qiymətləndirilən bu növbəti görüş idi. Ümidvaram ki, bu ənənələr davam edəcək”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu: “Tədbiri iqtidar-müxalifət dialoqunun yeni bir mərhələyə keçidi olaraq adlandırardım. Suverenliyin və ərazi bütövlüyümüzün bərpasından sonra keçirilən dövlətçiliyə xidmət edən möhtəşəm tədbirlərdən biri idi. Mövzunun qoyuluşu, seçilməsi, mövzu ətrafında siyasi partiya rəhbərlərinin çıxışları, mövzudan kənar siyasi partiya rəhbərlərinin müxtəlif təklifləri və bu təkliflərə dövlət qurumlarının – istər Ədliyyə Nazirliyinin, istər Mərkəzi Seçki Komissiyasının, istərsə də Prezident Administrasiyasının Siyasi Partiyalarla İş və Qanunverici Hakimiyyətlə Əlaqələr Şöbəsinin rəhbərliyi tərəfindən verilən reaksiyalar – hər biri pozitiv düşünməyə əsas verir. Mən hesab edirəm ki, beş il əvvəl başlanmış iqtidar-müxalifət dialoqunun növbəti böyük mərhələsinə qədəm qoyuruq və fikrimcə, bu tip tədbirlər bundan sonra çox olacaq. Və ölkədə olan siyasi partiyalar arasında həmrəyliyi, milli dövlətçilik məsələlərində birliyi bir qədər də güclənməsinə xidmət edəcəkdir.

Hesab edirəm ki, siyasi partiyalar arasında iqtidar və müxalifət fərqli düşünən partiya liderlərinin bir masa arxasında əyləşməsi, öz fikirlərini həm digər siyasi partiya rəhbərləri ilə, həm də dövlət rəsmiləri ilə bölüşməsi və bu səpkidən olan fikirlərin media önündə dilə gətirilməsi ölkədə həm də demokratik ənənələrin açıq və bariz nümunəsidir və göstəricisidir. Ümumilikdə, tədbiri yüksək qiymətləndirirəm və hesab edirəm ki, zamanında keçirilmiş olduqca mühüm bir tədbir idi”.

Yeni Zaman Partiyasının sədri Musa Ağayev: “Biz ümumiyyətlə dialoqun başlanğıcından, 2020-ci ilin aprel ayından dialoqun tərəfində olmuşuq. Hətta ondan əvvəl də həmişə dialoqun tərəfində olmuşuq. Hesab edirik ki, bütün normal ölkələrdə məsələlər küçələrlə deyil, dialoqla həll etməlidir. Buna görə də dialoqun vacib olduğunu düşünürəm. Ancaq orada məsələlər müzakirə olundu və müzakirə olunan məsələlərdə biz həmişə öz fikrimizi bildirmişik və demişik ki, dialoq yalnız Azərbaycan üçün, həmçinin Azərbaycanın daxili və xarici siyasəti üçün getdikcə daha real bir mövqe təşkil etməlidir.

Bizim daxili məsələlərdən dialoqun inkişaf etdirilməsi üçün təhsil, elm, müasir texnologiyalar və süni intellektin Azərbaycanda geniş tətbiqi məsələləri çox mühümdür. Ümumiyyətlə Azərbaycanda təhsil, elmi, müasir texnologiyalar və süni intellekt çox geridə qalıb. Ümumiyyətlə demək olar ki, yoxdur. O cümlədən tibb sahəsində. Ölkənin bütün təhlükəsizliyi ölkənin təhsilindən başlayır. Gələcəkdə bu kimi məsələlər xüsusilə dialoqun mövzusu olmalıdır. O cümlədən də seçki məsələləri və s. məsələlər. Siyasi mühitdə partiyaların rolunu artırmaqla insanları daha çox seçkilərə cəlb etmək olar”.

Ayşən Vəli