Putin Zelenski ilə bağlı ritorikasını kəskin şəkildə dəyişdi..?

27 Fevral 2025 00:04 (UTC+04:00)

...Rusiya lideri Vladimir Putin, görünür, Donald Trampın şərhindən sonra Vladimir Zelenskiyə qarşı ritorikasını dəyişir. Belə ki, o, Zelenskinin Ukraynanın qanuni prezidenti olduğunu etiraf edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Analitiklərin fikrincə, fevralın 24-də Putin Kreml jurnalisti Pavel Zarubinə müsahibə verib.

Söhbət zamanı rus lideri bildirib ki, “Ukraynada hərbi vəziyyət zamanı seçkilər keçirilmir”.

...Bu, Putinin Ukrayna qanunlarının hərbi vəziyyət zamanı seçkiləri qadağan etdiyini ilk etirafıdır.

Qeyd edək ki, bu, Müharibənin Öyrənilməsi İnstitutunun bəyanatında deyilir.

Putin həmçinin bildirib ki, Zelenski Ukrayna cəmiyyəti və Ukrayna ordusu üçün “toksikdir” və Ukrayna lideri gələcək prezident seçkilərində Ukraynanın digər siyasi və hərbi liderlərinə uduzacaq.

...Putinin Zelenskinin qeyri-populyar və Ukrayna üçün zərərli olması ilə bağlı iddiası Ukraynanın qanuni hökuməti ilə Ukrayna ordusu və əhalisi arasında təpki yaratmaq cəhdidir..

Maraqlıdır ki, bunu analitiklər deyir.

Qeyd olunur ki, Ukrayna hərbi vəziyyətə görə 2024-cü ildə seçki keçirə bilmədikdən sonra Putin daha əvvəl dəfələrlə Zelenskinin “Ukraynanın qanuni lideri olmadığını” bəyan edib.

Buna görə də rus lideri Rusiyanın Zelenski ilə danışıqlar apara bilməyəcəyini söyləyib.

...ABŞ prezidenti Donald Tramp deyib ki, Putin və Zelenski danışıqlar aparmalıdır və Putin çox güman ki, Zelenski ilə gələcək danışıqlarda iştirak etmək qərarını Rusiyanın yerli auditoriyasına izah etmək üçün ritorikasını dəyişir.

Bunu Müharibənin Öyrənilməsi İnstitutu yazır.

Bundan əlavə, analitiklər bildiriblər ki, Rusiya lideri və digər Kreml rəsmiləri, çox güman ki, Ukrayna ordusunun hər hansı uğursuzluqlarından və ya Ukrayna rəsmiləri arasında yaranan fikir ayrılıqlarından Rusiyanın təbliğat informasiya əməliyyatını gücləndirmək və Ukraynada nifaq salmaq üçün istifadə etməyə çalışacaqlar.

...Və SİA-nın əlavəsi: Putinin Zelencki barədə dediyi “toksik".., adətən davranışı başqalarının həyatına mənfi təsir göstərən, mənəviyyatı pozan və ümumiyyətlə qeyri-sağlam münasibət yaradan adamlara deyilir.

Əli Babayev