İkinci əl avtomobil alanlar nəyi bilməlidirlər? - EKSPERT FİKRİ

26 Fevral 2025 12:34 (UTC+04:00)

"Ümumiyyətlə ikinci əl avtomobil alarkən vətəndaşların birinci diqqət etməli olduğu məqam o olmalıdır ki, ən doğru qərar nəqliyyat vasitəsinin birbaşa alarkən sənədləşməsi olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert İlqar Hüseynov deyib.

Onun sözlərinə görə, həmin nəqliyyat vasitəsi artıq şəxsin tam olaraq mülkiyyətinə keçməlidir ki, onunla bağlı müəyyən risklər var ki, həmin riskləri qarşılamış olsun. "Məsələn, ola bilər ki nəqliyyat vasitəsini etibarnamə ilə alar, amma etibarnamə ilə almağına baxmayaraq həmin şəxsin hansısa bir bankda girov öhdəliyi ola bilər, götürdüyü pul əvəzində həmin maşını girov qoya bilər. Bu məsələlər xüsusi incəliklə araşdırmalı və diqqət olunmalı bir məsələdir. Daha bir nüansda ondan ibarətdir ki, avtomobilin texniki göstəriciləri normal olmalıdır. Bu xüsusən mühərrikin vəziyyəti ilə bağlı zəmanətlilik burada əsas önəm kəsb edir. Çünki elə nəqliyyat vasitələri var ki, hal-hazırda onun mühərrikində yaranan nasazlıq bəzən həmin nəqliyyat vasitəsinin ümumi dəyərinin yarısına qədər ziyana gətirib çıxarda bilir. Eyni zamanda ikinci əl nəqliyyat vasitəsinin texniki-pasport göstəricilərində, şassi nömrəsinin doğruluğunu mütləq alan adam yoxlamalıdır və ona diqqət etməlidir. Texniki baxışdan keçirilməli və nəqliyyat vasitəsinin saz vəziyyətdə olması ilə bağlı zəmanətlilik əldə etməlidir".