"Bəzi mövzular var ki, onları ehtiyyatlı danışmaq lazımdır. Hər bir köhnə ənənələrin, cəmiyyətdə sosial rolu var". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Sənubər Heydərova deyib.
O bildirib ki, cehiz vermək ənənəsi də onlardan biridir: "Cəmiyyətdə ənənəvi, köhnə bir rola malikdir. Ona görə də illər ərzində var olub, hələ də mövcudluğunu qoruyub saxlayır. Bunun bir neçə səbəbi olub: Avropada patriarxal cəmiyyət davam etdiyi dövrdə belə cehiz məsələsi olub. Bu çox vacib məsələ olub. İnsanlar cehizi nəzərə alaraq, evlənirmişlər. Cehiz həmçinin ailənin var-dövlətinin göstəricisidir. Ailənin varlı olması, yaxşı cehiz verilməsi anlamına gəlir. Cehiz deyərkən, söhbət əşyalardan yox, sürü, torpaq sahələri, mülklərdən gedir. Kasıb ailənin cehiz vermə gücü isə daha aşağı səviyyədə idi.
Bir çox hallarda, evlilik razı sayılmışdısa, cehiz olaraq müəyyən öhdəlik götürülürdü və öhdəlik yerinə yetirilirdi. Bununla yanaşı, bir çox ədalətsiz, sövdələşmə xarakterli evliliklər meydana çıxdı. Burada cehizdən, hissdən, duyğudan, eşqdən, məhəbbətdən danışmaq yersizdir. Çünki bu iki ailə arasında müqavilə bağlanmasına bənzəyirdi. Bu da ailə qurmaq yox, var-dövləti artırmaq məqsədi güdürdü.
Kasıb ailələrdə qadın çöl işlərində yox, yalnız evdə işləyə bilərdi. Patriarxal cəmiyyətdə pul qazanmaq məsələsi kişinin üstünə düşürdü. Qadının heç bir qazancı olmadığına görə, onun dəstəyə ehtiyacı olur. Onu ərə getdiyi yerdə lazımsız hesab etməsinlər deyə, qiymətini artırmaq üçün cehiz verilirdi. Bu qadınlara olan münasibəti göstərirdi. Yəni qadınlar özlərini sübut etsinlər ki, mən əliboş gəlməmişəm, əlavə bir qarın, boğaz olmaqdan başqa, həm də evə qiymətli əşyalar gətirmişəm. Bu, qadının özünü təsdiqi idi.
Üçüncü funksiya isə ondan ibarətdir ki, yeni qurulan ailə müxtəlif şeylərə ehtiyac duyur. İlkin olaraq ev ehtiyaclarını nəzərə alınırdı".
"Azərbaycanda bəzi ailələrdə “oğlan cehizi” adlanan anlayış var. Təkcə cehiz qadına aid deyil. “Oğlan cehizi” qadın cehizi qədər populyar deyil. Bu, simvolik ola bilər, yüngül xatakter daşıyır. Patriarxal cəmiyyətdə ev kişiyə aiddir, içərdəki rifahlıq isə qadına məxsusdur.
Müasir dövrdə patrialxarizmdən çıxmağa cəhd olunduğu anda, cehizin də məğzi dəyişib. Cehiz artıq gənclər üçün simvolik olmağa başlayıb. Təxminən 10-15 ilə qədər, qız doğulan gündən bəri cehiz yığılırdı. Demək olar ki, artıq bu ənənə yoxdur. Cehiz artıq qadının lazımsızlığını göstərmir, müqavilə xarakteri daşımır. Cehiz iki gəncin birgə yaşamasından sonra ehtiyacı olan əşyaların toplusudur. Regionlarda isə ənənəvi yanaşmalar az da olsa qalıb" - deyə o, əlavə edib.