“Böyük Qayıdış prosessi ildən-ilə daha da intensivləşəcək və miqyası daha da böyüyəcək. Böyük Qayıdış prosesində bu çox əhəmiyyətli bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, o torpaqların insanları da 30 illik işğal yarasını sağaltmaq üçün yurd yerlərimizin inkişafı və firavan həyatları naminə əbədi olaraq orada yaşayacaq və yaradacaqlar. “Qarabağda quruculuq-bərpa işləri sürətləndikcə əlbəttə ki, soydaşlarımızın qayıdışı da sürətlənəcək. Artıq Ağdamın özündə də 3 kənd və şəhərin bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir və hədəf odur ki, bu il və gələn il 20 min insan Ağdam və onun kəndlərinə köçürülsün. Əsas məqsəd gələcək illərdə 600-800 min insanın Qarabağa köçürülməsidir. Əslində bu çox böyük rəqəmdir. İkinci Qarabağ müharibəsinin 4-cü ili başa çatıb. Artıq Füzuli, Şuşa, Laçın və ətraf rayonlarda artıq əhali məskunlaşıb. Tək hədəf əhalinin köçürülməsi yox, köçürüldükdən sonra onları iş yerləri ilə təmin etməkdir. Ağdamda sənaye parkı da fəaliyyətə başlayıb. İş yerləri də müvafiq olaraq açılır. Bu Azərbaycanın bölgədə artan yerini və rolunu göstərir. Bölgəni möhkəmləndiririk, sərhədləri möhkəmləndiririk. Bunlar dövlətin güclənməsi və müstəqillik üçün çox əhəmiyyətli addımlardır”.