"Ana olmaq...Təbiət bu missiyanı yerinə yetirməyi qadınlara bəxş etmişdir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.
Psixoloq bildirib ki, qadının dözümlülüyü əks cinslə müqayisədə daha cox oldugundan bu işin məsuliyyətini məhz o dașıya bilərdi: "Ana deyəndə övladına duyğu, həm də qan bağı baxımından bağlı olan, qarşılıqsız sevən, bağışlayan șəxs yada düşür. Ananın, eləcə də atanın davranışları övladlarının gələcəkdə necə şəxsiyyət olmasını müəyyən edir. Mühit amili ən öndə gedəndir.
Anadan asılı uşaqlar necə yaranır?
Ananın övladını qorumaq istəməsi tam normal haldır. Bəzən bu hal anormal həddə olur. Yəni daha açıq desəm ana övladının fikrinə, seçiminə etibar etmir. Onun yerinə qarşı tərəfə cavab verir, uşağın yerinə seçimlər edir. Eyni zamanda övladına "sən mənim kimi bu işi bacara bilməzsən, mən daha yaxşı edərəm" deyir. Bu gedişlə ana özgüvənsiz, asılı şəxsiyyət yetişdirmiş olur və bir gün "mənim uşağım sanki böyüməyib, mənsiz heç nə edə bilmir", deyə gileylənməyə başlayır. Bu durum təkcə uşaq üçün deyil, həm də valideyn üçün də yorucu olur. Valideyn psixoloji olaraq yüklənmiş olur".
"Ananın istədikləri yerinə yetirilmədikdə ananın küsməsi dogrudur? Xeyr. Küsmək bir cəza növü kimi istifadə edilə bilər. Amma istədiyimizi etmədi, deyə hər zaman övladımızdan küssək, o bizi məmnun etmək üçün dediklərimizi məcburi etməyə başlayacaq. "Anam küsməsin", deyə məmnun etmək davranışı yaranmağa başlayacaq. Nəticədə "yox" deməyi bacarmayacaq. İnsanlar küsməsin, deyə öz istəklərindən imtina edən, sırf başqaları məmnun olsun deyə öz həyatını istədiyi kimi yaşaya bilməyən bir şəxs olacaq" - deyə o, əlavə edib.