İsrail Suriyaya kütləvi raket zərbələri endirdi

26 Fevral 2025 03:32 (UTC+04:00)

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda fəal şəkildə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə yəhudi dövlətinin Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz məlumat verib.

Onun sözlərinə görə, bu hücumlar İsrail tərəfinin Suriyanın cənub bölgələrini sakitləşdirmək üçün müəyyən etdiyi “yeni siyasət” çərçivəsində həyata keçirilir. Nazir qeyd edib ki, ölkəsi Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə icazə verməyəcək.

“Vətəndaşlarımızın təhlükəsizliyini riskə atmayacağıq, Suriya rejimi qüvvələrinin və terror təşkilatlarının Suriyanın cənubundakı təhlükəsizlik zonasında yerləşmə cəhdi atəşlə qarşılanacaq”, - o əlavə edib.

İsrail Müdafiə Qüvvələri (IDF) komandanlıq mərkəzləri və çoxsaylı silah obyektləri də daxil olmaqla hərbi obyektlərə zərbələr endirib.

Fevralın 23-də İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, yəhudi dövləti Suriyanın yeni hakimiyyət orqanlarının silahlı qüvvələrinin Dəməşqin cənubundakı ərazisində görünməsinə icazə verməyəcək və Suriyanın cənubunun tam silahsızlaşdırılmasını tələb edir.