Hazırda bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar məsələlərdir və ona görə də bu məsələ ilə bağlı məqamların siyasi gündəmi də zəbt etməsi heç də təsadüfi deyil. Xüsusən də Rusiya-Amerika danışıqlar prosesinin başlanğıcında ən mühüm və ən çox diqqəti cəlb edən sülhə maneə ilə bağlı tərəflərin eyni fikirdə, eyni qənaətdə olmasıdır. Əgər hər iki tərəf sülh prosesinin başlanmasına ilk maneənin Ukraynanın hazırkı lideri Zelenski olduğunu bildirirsə, deməli, artıq dünyanın siyasi arenasında onu siyasi meyit hesab edirlər. Lakin siyasi meyit sayılan təkcə o deyil və hələ də sülh sazişlərinə mane olanlar, maneə törədənlər siyasi meyit olaraq qəbul edilməkdədirlər.
Fədakarlıqla sülhə mane olan “dirəniş göstərmək”, suverenliyin qorunması ilə ölkəni fəlakətə sürükləmək tamamilə fərqlidir...
Bəli, Rusiya ilə Amerika diplomatları arasında danışıqlar baş tutub və müxtəlif müzakirələr də aparılıb, amma xatırladaq ki, Zelenski həmin danışıqlar prosesinə nəinki qatılmayıb, ümumiyyətlə, heç dəvət də olunmayıb. Daha dəqiq desək, heç hesaba da alınmayıb. Yəni, varlığı ilə yoxluğunun fərqi belə bilinməyib. Çünki onun barəsində təkcə Rusiya tərəfi deyil, ABŞ özü də tamamilə “mənfi” fikirdədir və açıq-aşkar onu siyasi meyit kimi görürlər. Ukrayna məsələsi ilə bağlı ABŞ və Rusiya arasında keçirilən diplomatik danışıqlara “dəvətdən” məhrum olduğunu, eləcə də ona olan “münasibəti” dərhal başa düşən Zelenski üç il əvvəl olduğu kimi, ilk Rusiya-Ukrayna danışıqlarının məhz “orada”, Türkiyədə başladığını xatırlayaraq, Ərdoğanın dəstəyini almaq üçün Türkiyəyə səfər edib. Türkiyə liderinin bütün dünya miqyasında olan çox böyük nüfuzunu nəzərə alsaq, onun “nəyə isə” ümid etməsi anlaşılandır, amma Zelenski unutmamalı idi ki, üç əvvəlki danışıqlar prosesi sonradan İngiltərənin o vaxtkı baş naziri Conson tərəfindən kəsilmişdi. Hətta o vaxtkı ABŞ prezidenti Baydenin də bu məsələdə “barmağının” olduğu bəlli idi. Bir sözlə, Zelenskinin Türkiyəyə, qardaş ölkə Prezidenti cənab Ərdoğana sığınması başadüşüləndir, amma başa düşülməyən Ukrayna liderinin hələ də onu bütün dünyanın siyasi meyit hesab etməsini “dərk” etməməsidir.
Zelenski gec də olsa başa düşməlidir ki, artıq onunla bağlı çoxdan “məlum fikir” formalaşıb və indi çabalamağın heç bir faydası yoxdur. Doğrudur, ölkənin, vətənin torpaqlarını, suverenliyini müdafiə etmək, dəyərləri qorumaq və bütün bunlar uğrunda mübarizə aparmaq nəinki vacibdir, olduqca şərəflidir və bu yolda fədakarlıq edənlər tarixə yazılan liderlərdir. Amma fədakarlıqla sülhə mane olan mənasız "dirəniş göstərmək" tamam fərqli məqamdır və ölkənin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün qorunması ilə vətəndaşları qırğına vermək, ölkəni daqılmış vəziyyətə sürükləmək, tamamilə məhv etmək arasında böyük fərq var və sülhdən, xilas yolundan uzaqlaşmaq, yayınmaq, diplomatik danışıqlardan imtina etmək həqiqətən də haqlı olaraq, siyasi meyiot sayılmağa haq verir. Bəli, məsələ burasındadır ki, indi siyasi meyit təkcə Zelenski sayılmır, onun kimi bizim regionumuzda da siyasi meyitlər az deyillər və məhz başda erməni baş nazir Nikol Paşinyan kimi bir Qərb marioneti olmaqla, sülh prosesini əngəlləyən bir çox siyasi meyitlər də var. Özlərini revanşıst adlandıranlar isə artıq çoxdandır suyu bulandırmaqdan başqa heç nəyə yaramayan siyasi meyitlər sayılırlar.
Ölkənin vəziyyəti nisbətən yaxşı olduğu halda güzəştlərin həcmi də az ola bilir, amma siyasi meyitlər itgiləri daha da artırırlar...
Slavyanların özlərinin “xəsislik əclafı məhv etdi”, kimi dilimizə tərcümə olunan zərb məsəlləri var və indi həmin zərb məsəl haqlı olaraq, Zelenski barəsində işlədilir. Ona görə haqlı olaraq deyirik ki, bir zamanla danışıqlara daha üstün şəkildə girmək şansı olan və daha az “güzəşt” etmək imkanı olan Zelenski bu şans və imkandan istifadə edə bilmədi. Daha doğrusu, elə məhz “xəsislik” deyilən bu arada ona qalib gəldi və demək olar ki, onun özünü də məhv etdi, siyasi meyit kimi görünməyə başladı. Mənasız şəkildə inadından əl çəkməyən Zelenski qərara gəldi ki, müharibə nəticəsində mövqeyini möhkəmləndirəcək və Putinlə “daha sərfəli” şərtlərlə danışıqlara başlayacaq. Amma belə olmadı və hadisələr tamamilə əksinə cərəyan etdi və indi onun Rusiya lideri ilə danışıqları heç də əvvəlki müstəvidə və səviyyədə ola bilməz. Çünki vəziyyət tamamilə “başqa cür” inkişaf etdi və müharibədə Ukrayna tərəfi ciddi itkilər verməli oldu və elə bu səbəbdən də nəticədə Rusiya tərəfi indi daha sərt mövqe tutur.
Vəziyyət Ukrayna lideri üçün o qədər fərqlidir ki, ölkənin rəhbəri kimi tanınan Zelenski ümumiyyətlə, həmin ölkənin taleyinin müzakirəsi ilə bağlı görüşdə heç iştirak da etmir, dəvətli də deyil. Yəni, bu qədər də olmazdı və heç olmasa, Zelenski real vəziyyəti görməli idi və bilməli idi ki, artıq onun “ələyi ələnib, xəlbiri də göydə fırlanır”. Bir sözlə, əgər rəhbərlik etdiyi ölkənin taleyini, bundan sonrakı vəziyyətini, gələcəyini başqa bir ölkə liderləri müzakirə edirlərsə, deməli, həmin ölkənin rəhbərinin olması ilə olmaması arasında zərrə qədər də fərq yoxdur. Məhz bunu onun özü başa düşməsə də, elə amerikalılar da başa düşürlər, ruslar da, lap elə avropalılar da. Başa düşdükləri üçün də onu artıq siyasi meyit hesab edirlər və belə də gördükləri danışıqlarda onun iştirak etməməsindən bəlli olur. Hər halda, ən azından, Avropa ölkələri bununla bağlı, yəni, Zelenskinin rəhbərlik etdiyi ölkə ilə bağlı danışıqlarda iştirakı ilə əlaqədar fikir də olsa bildirərdilər. Lakin buna hələlik rast gəlməmişiksə, deməli, elə avropalılar da onunla bağlı eyni fikirdədirlər və elə onlar üçün də siyasi meyit sayılır. Siyasi meyit isə öz ölkəsi üçün nə isə əldə edə bilməz. Eyni ilə erməni baş nazir Nikol Paşinyanın da nə zamansa ölkəsini fəlakətdən xilas edə bilməsi üçün əlində “nə isə” olub, amma elə Slavyanların zərb məsəlindəki kimi, onun özü də özünü məhv edib siyasi meyitə çevirib və indi nəinki amerikalılar, ruslar, avropalılar, heç haylar özləri də onu hesaba almırlar. Yəni, daha acınacaqlı siyasi meyit eləcə də Paşinyandır və sülh prosesini uzatmaqda davam edən Zelenskiyə bənzəyən bu küçə nümayişçisi ondan da betərdir. Bu siyasi meyitlər getdikcə daha da böyük itgilərlə razılaşmalı olacaqlarını başa düşəndə çox gec olacaq. Çünki çox gec başa düşəcəklər ki, ölkənin vəziyyəti nisbətən yaxşı olduğu halda güzəştlərin həcmi də az ola bilir, amma siyasi meyitlər itgiləri daha da artırırlar...
Danışıqları, razılaşmaları uzadan, reallıqları görməkdən imtima etmək üçün imitasiya edənlərin hamısı dərhal siyasi meyitə çevrilirlər
Seçicilərinə Ukraynanı bir daha dəstəkləməyəcəyinə söz verən ABŞ-ın yeni prezidenti Trampın Moskva ilə danışıqlar masası arxasına əyləşməyə “razılaşması” heç də təsadüfi deyil. Kiyevə və avropalılara indiki məqamın onlar üçün “ən əlverişli” olduğunu Amerika liderinin eyham etməsi də əbəs yerə ola bilməz. Məsələ burasındadır ki, bununla Donald Tramp bildirir ki, o, Ukraynaya əlavə yardımı tamamilə azaldacaq, hətta yox dərəcəsinə endirəcək. Bu isə o deməkdir ki, Zelenski Moskva ilə müqaviləni, sülh razılaşmasını indi imzalamağa razı olmasa, Moskvanın mövqeyi gələcəkdə daha da güclənəcək. Daha dəqiq desək, təkcə ukraynalılara deyil, Ukraynanı guya müdafiə edən, əslində isə öz maraqları naminə mövqe sərgiləyən avropalılara da ABŞ prezidenti xüsusi ehyam vurmuş olub. İndi Amerikanın mövqeyinin kəskin şəkildə dəyişdiyini ağız büzərək bildirən avropalılar artıq gec də olsa başa düşməlidirlər ki, Ukrayna ilə bağlı münaqişədə amerikalılara güvənərək, özlərini “iddialı” göstərənlər özləri də siyasi meyitə çevrilirlər. Çünki özləri heç nəyə “güc gələ bilməyənlər” də, uğursuz və yanlış mövqedə olanlar da məhz Amerikadan yardımın kəsilməsi fonunda reallıqları görməkdən imtina etmək məqsədi ilə imitasiya edənlər siyasi meyit kimi görünürlər.
Məsələ burasındadır ki, nə Zelenski danışıqlarla bağlı bir addım atmağa hazır deyil, heç bunu istəmir də. Rusiya prezidenti Vladimir Putin özü də birbaşa bəyan edib ki, o, artıq indiki Ukraynanın legitim lideri sayılmadığı üçün Zelenski ilə bir masa arxasında əyləşməyəcək. Bu arada xatırlatmaq yerinə düşərdi ki, Zelenskinin prezident səlahiyyətləri ötən ilin mayında başa çatıb və o, hərbi əməliyyatlar zamanı yeni seçkilərin keçirilə bilməyəcəyi “müddəasına” guya əsaslanaraq ölkəni idarə etməkdə davam edir. Belə məlum olur ki, seçkiləri keçirmədən “əbədi olaraq” məhz özü “hökmranlıq” edə bilmək üçün müharibəni bitirmək Zelenskinin maraqlarına uyğun deyil. Üstəlik, Zelenski Türkiyədə Rusiya üçün heç bir ərazi güzəştini qəbul etməyəcəyini bəyan edəndə Tramp da ona cavab olaraq, Ukraynada yeni prezident seçkilərinin keçirilməsində Rusiya tərəfi ilə razılaşdığını bəyan edib. Hətta, Tramp Zelenskini ələ salmağı da unutmayıb və onun reytinqinin 4% ətrafında olduğunu belə qeyd edib. Bundan əlavə, o, Zelenskidən ABŞ-a 300 milyard dollardan çox yardımı geri ödəməsini tələb edib. Bunun ardınca da guya Trampa cavab verən Zelenski də bildirib ki, ABŞ-ın yardımının real həcmi 100 milyard dolları ötmür və onun reytinqinə gəlincə isə, onun sözlərinə görə, Kiyevdə Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğuya əsasən, onun reytinqi 4 yox, guya 57 faiz imiş. Dünyanın bir çox siyasətçiləri, politoloqları belə hesab edirlər ki, Ukrayna prezidenti öz kabinetində oturaraq, Trampa “Zelenski özü yalnız sülh yaratmaq istəyir, Ukrayna xalqı isə müharibəni dayandırmaq istəmir” mesajını vermək üçün öz reytinqini “öz əli ilə” yazıb. Hələ üstəlik, Zelenski deyir ki, guya Ukrayna xalqı da seçkilərin keçirilməsini istəmir və seçkilərin keçirilməsini hətta rədd edir. Təbii ki, bunlar hamısı söz yığınından başqa bir şey deyil və ancaq bəhanələrdir. Heç kəs artıq Zelenski kimi düşünmür və dünya ictimaiyyəti tamamilə başqa bir qənaətdədir.
Artıq hər kəsə bəllidir ki, Zelenskinin “siyasi sonu” qəbul edilib və onun “kənarlaşdırılmasının” çoxdan vaxtı çatıb. Hər kəs yaxşı görür və başa da düşür ki, ABŞ artıq milyardlarını Ukraynaya xərcləmək istəmir. Avropalılar isə ABŞ olmadan Ukraynaya öz qoşunlarını göndərməyə belə hazır deyillər. Bütün bunlar Zelenskinin və onun avropalı “ağalarının” acınacaqlı vəziyyətə düşdüyünü təsdiq edir. Zelenski daha heç bir qüvvəyə “güvənə” bilmir və onun avropalı “sığınacaqları” da artıq onu xilas edə bilmirlər. Avropalıların öz vəziyyətləri də heç “yaxşı” deyil. Nə Zelenskinin, nə də guya onu dəstəkləmək istəyənlərin mövqeyi heç kim üçün “həsəd aparılası” sayılmır. Çünki onların siyasi meyitə çevrildiklərini və “bu sırada” məhz “eyni dalğa ilə” hakimiyyətə gələn fiqurların demək olar ki, hamısının olduğu da açıq-aydın görünür. Bu sırada Nikol Paşinyan da öz “fərqlənməz” yerini tutur. İndi artıq Vovayeviç özü də başa düşməlidir ki, onun özünün də siyasi sonu çatıb və sülh danışıqlarını, razılaşmaları uzadan, ondan imtima etmək üçün çabalayan, reallıqları görməkdən də imtina etmək üçün imitasiya edənlərin hamısı dərhal siyasi meyitə çevrilirlər və doğru addım atmaq üçün siyasi iradəsi, qətiyyəti olmayanların aqibəti məhz budur...