Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş türk dünyasının çoxqütblü dünyada parlayan ulduza çevrilmək potensialına malik olduğunu bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Numan Kurtulmuş Ankarada Türkmənistan parlamentinin sədri Dünyagözəl Gülmanova ilə birgə mətbuat konfransı keçirib.
Bundan sonra dünyada çox qütblü, çoxmərkəzli, hətta çoxmədəniyyətli bir dünyanın qurulacağının aşkar olduğunu vurğulayan Kurtulmuş “Türk dünyasının bu çox qütblü, çoxmərkəzli dünyada parlayan ulduz olmaq potensialı var” deyib.
Ortaq əlifbanın qurulması istiqamətində atılan addımın tarixi və əhəmiyyətli bir addım olduğunu bildirən Kurtulmuş ortaq tarix və ortaq ədəbiyyatşünaslığın da bir mədəniyyət gücü olaraq təqdim edilməsinin vacibliyini vurğulayıb.
Kurtulmuş Türkiyə ilə Türkmənistan arasında ticarət həcmini artırmağı hədəflədiklərini də bildirib.
Numan Kurtulmuş "Türkmənistanın təbii qazının dünya bazarlarına çıxarılması da əlaqələrin inkişafı baxımından həyati əhəmiyyət kəsb edəcək" deyib.
Türkmənistan parlamentinin sədri Dünyagözəl Gülmanova da prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Prezident İqamətgahında bağlı qapılar arxasında keçirilən qəbulda TBMM sədri Numan Kurtulmuş da iştirak edib.