Hər il fevralın 26-sı yaxınlaşanda o ağrı-acılı hissləri təzədən yaşayırıq. Elə bil ki, o günlərə qayıdırıq. Xocalı qəlblərdən silinməyən yaradır, acıdır. Heç vaxt unudulmaz. Çox çətin, acınacaqlı günlər yaşadıq, hələ də itkin qohumlarımız çoxdur, şəhidlərimizi dəfn edə bilmədik. O gecə insanların ah-naləsi, müsibəti... Yüzə yaxın insanı əsir götürmüşdülər, işgəncələr verirdilər, onların səsi hələ də qulağımızdan çəkilmir.
SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında 33 il əvvəl Xocalı soyqırımında öz doğma el-obasından didərgin düşmüş 53 yaşlı Tofiq Süleymanov deyib.
“Anam kürəyimdə donaraq, can verdi”
Bəşər tarixində misli görülməmiş vəhşilik və amansızlıqla həyata keçirilən Xocalı soyqırımından 33 il ötür. 600-dən çox insanın qətli, 1200-dən çoxunun itkin düşməsi, neçə-neçə azərbaycanlının yaralandığı soyqırımından danışan müsahibim Xocalıda keçirdiyi son gecəni belə xatırlayır: “O vaxt 20 yaşım var idi. Gecə ermənilər Xankəndidə yerləşən 366 motoatacı alayın köməyi ilə tanklarla Xocalıya hücuma keçdilər. Xocalıda isə silah-sursat yox idi deyə, davam gətirə bilmədi. Biz ancaq avtomat silahlarla döyüşürdük. Xocalını dörd bir yandan mühasirəyə almışdılar. Nə yaxşı ki, ondan əvvəlki gündə bacılarımı Ağdama aparmışdıq. Hara gedirdik, qarşımızı kəsirdilər. Kətik istiqamətinə çıxmışdıq, dəstələrə bölünmüşdük, yolboyu bütün dərələri tutmuşdular. Bizim dildə bizi çağırıraraq, avtomatla güllələyirdilər”.
Bütün bu müsibət və lənət dolu gecənin ardından Ağdama yol axtaran Xocalı sakininə ən ağır zərbə anasının dünyasını dəyişməsi olub: “Qardaşım anamı kürəyinə aldı, amma çayı keçəndə yıxıldılar, anamın ayaqları dondu. Hərəkət edə bilmədi. Anam kürəyimdə buz bağladı, can verdi. 39 yaşı var idi, məcbur onu orada dəfn etdik, üstünə də paltolarımızı örtdük. Qarda-sızaqda altı gün anamın məzarı başında qaldıq...”.
Mühasirədə keçən məşəqqətli 12 gün
Söhbətinə davam edən soyqırımının şahidi deyir ki, o məşəqqətli 12 günlük mühasirədə yaşadıqlarını unuda bilmir: “Ayaqyalın, ac-susuz idik, qar yeyirdik ki, taqətimiz olsun. Hara gedirdik erməni səsləri gəlirdi. Bizim dəstədə qadınlar da var idi, onlar daha çox qorxurdular. Ermənilərin yaşadığı kəndlərlə üzbəüz idik deyə, məcbur hava qaralanadək qarın içində gözləyirdik. Gecə olanda isə qar, duman imkan vermirdi ki, istiqaməti bilək. On iki gündən sonra güc-bəla ilə gəlib Ağdam qəbiristanlığına çıxdıq. Beləcə xilas olduq”.
Ayaqları donan Xocalı sakininin özünə gəlməsi aylar çəksə də, tezliklə yenidən orduya dönüb. 1993-cü ilin aprel ayında Ağdamda, Qarakənd istiqamətində döyüşlərdə iştirak edən Tofiq Süleymanov deyir ki, atasının təkidi ilə ordudan təxris olunub: “Yaralı idim, atamgil mənim təxris olunmam üçün Müdafiə Nazirliyinə müraciət etdi. Xocalıda yaşadıqlarım, 12 gün ayaqyalın qarda yeriməyim ayaqlarıma pis təsir etmişdi. Atam ayağımı kəsməyə icazə vermədi. Amma bu, ömürlük mənim xəstəliyim oldu, ayaqlarım yayda da üşüyür. Yayda da mən corabla gəzməli oluram”.
“Çox sevinirəm ki, Xocalı azad edildi”
Müsahibim deyir ki, 30 illik həsrətdən sonra 44 günlük Vətən müharibəsi başlayanda evində böyütdüyü 3 oğul övladından könüllü ordu sıralarına gedən də oldu. Onu qürurlandıran, amma eyni zamanda da kövrək məqamları yada salır: “44 günlük müharibədə torpaqlarımızı Prezidentimizin sayəsində işğaldan azad etdik. Oğlum da, qardaşım oğlu da bizim davamçılardır. Onlar da bu haqq müharibəsində layiqincə iştirak etdilər. Ata kimi də böyük qürur yaşadım. Övladım torpağın xilaskarı oldu. Ortancıl oğlum Füzuli, Şuşa, Xocavəndin azad edilməsi medalı ilə təltif olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin”.
Xocalıdan 20 yaşında çıxan Tofiq Süleymanov üçün o torpaqlara geri dönüş necə hissdir? O, bu sualı eşidəndə gözləri dolur: “Çox sevinirəm ki, Xocalı azad edildi, gedib ziyarət etmişəm. Düşmən evimizi dağıdıb. Ev yoxdur, həmin günləri orada da xatırladım, o gecəni oradan çıxmağımız anbaan gəlir gözümün qabağına. Amma qürurlanırıq ki, tökülən qanlar yerdə qalmadı. Çox şükür ki, torpaqlarımızı azad etdik, azad elin övladlarıyıq”.
“Xocalıda keçmişimizi unutmayaraq, güclü gələcək quracağıq”
Prezidentin Xocalının Ballıca kəndinə köçən sakinlərlə görüşünə televizorda baxan Tofiq kişinin özünün də ən böyük istəklərindən biri doğma el-obasına qayıtmaqdır: “Biz də növbəmizi gözləyirik, inşallah, tezliklə qayıdacağıq. Ora qayıdanları görüb çox sevinirəm. Xocalıda keçmişimizi unutmayaraq, güclü gələcək quracağıq. Bütün xocalılılar öz elinə-obasına qayıdacaq, orada firavan yaşayacaq”.
Bir də müsahibimin ən böyük arzusu anasının dəfn olunduğu yerə gedərək, onun qəbir üstünü düzəltməkdir. “Müraciət etmişik, o yeri gedib görmək istəyirəm. Bağrım çatlayır... Orada kütləvi məzarlıq var. Bizdən analiz də götürüblər. İnşallah ki, bu arzuma da çataram...”, - deyə o əlavə edib.