Su çərşənbəsi ilə bağlı insanlar NƏ DÜŞÜNÜR? - SORĞU

25 Fevral 2025 18:03 (UTC+04:00)

Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi. Bu çərşənbəni Yalançı çərşənbə, "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. SİA olaraq Su çərşənbəsi ilə bağlı şəhər sakinləri arasında sorğu keçirdik.

Şəhər sakini Samirə Qafarova: “Mənim ailəm bu cür bayramları qeyd etmir. Ona görə də mən belə çərşənbələrdə nələr edilməlidir bilmirəm. Yəni çərşənbələr barədə heç bir məlumatım yoxdur”.

Şəhər sakini Samir Bayramlı: “21 ildir Rusiyada yaşayıram. Ona görə də adət-ənənələrimizdən uzaq qalmışam. Bakıdan köçəndə 17 yaşım var idi. Elə o zamanlarda Novruz Bayramında nələr etmişiksə elə o dövrdə də qaldı”.

Şəhər sakini Anar Quliyev: “Su çərşənbəsi Novruzun ilk çarçısıdır. İlk çərşənbəmiz münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Bu günü ailəmlə birlikdə şam yeməyi yeyərək qeyd edəcəm”.

Şəhər sakini Ceyhun Məmmədli: “Su çərşənbəsi bizim gözəl bayramımızdır. Adında da göründüyü kimi aydınlıq, saflıq, təmizlik deməkdir. Bütün xalqımızı bu gün münasibəti ilə təbrik edirəm. Biz orta məktəbdə oxuyanda yumurta döyüşdürmək, tonqal qalamaq və s kimi adətlərimizi edirdik. Amma indi əvvəlki illərə nisbətən belə şeylərə maraq azalıb. Lakin bu günə şükür. Hələ də bu kimi şeyləri davam etdirənlər var”.

Şəhər sakini Səməndər Novruzov: “Hər bir elin öz adət ənənəsi var. Yəni bölgələrimizdə çərşənbələrimiz fərqli tərzdə keçirilir. Mən kürdəmirliyəm. Bizim rayonumuzda su çərşənbəsində qovurğa edirlər, tonqal qalayırlar. Ümumilikdə Novruz bayramı çox gözəldir. Yazın gəlişini hiss edirsən, təbiət oyanır. Bütün bunlar əvəzolunmaz hisslərdir”.

Şəhər sakini Sahib Yusifli: “Su çərşənbəsi çox gözəl keçirilir. Hər bir çərşənbələr belə qeyd olunmalıdır. Əvvəllər gənclərimiz bu bayramla bağlı məlumatı yox idi amma indiki gündə uşaqlarımızda bu barədə məlumatlıdırlar. Bütün bunlar insana xoş təsir bağışlayır. İnsanın ürəyi açılır.Xalqımızın adət-ənənələri bilməli və sevməlidirlər”.

Şəhər sakini Təhminə Səfərova: “Axşam çirniyyat süfrəsi qurub ailəmi ətrafıma toplayacam. Bizim evimizdə bu bayramı sevirlər xüsusilə də çərşənbələrə görə uşaqlar sevinirlər”.

Şəhər sakini Aynur Qafarlı: “Evdə hazırlıq görmüşük. İndidə qaynatam və qaynanamı görməyə gedirik. Allah böyüklərimizin canını sağ eləsin hamısına can salığı versin. Ömürləri su kimi təmiz və saf olsun”.

Şəhər sakini Nərmin Qasımlı: “Su çərşənbəsi təmizliyin ifadəsidir. Hər bir vətəndaşımızı bu münasibətlə təbrik edirəm. Xüsusilədə uşaqlarımız bu bayramı çox bəyənirlər. Süfrəmizi artıq səməni və xonça ilə bəzəmişik”.