"Cənab Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərimizə səfər edir". Bunu SİA-ya millət vəkili Tural Gəncəliyev deyib.
O bildirib ki, bu torpaqlarımızda insanların öz yurdlarına geri dönməsi üçün çox gözəl imkanlar yaradılır: "Hər belə bir səfər yeni bir layihənin bünövrəsinin qoyulmasına şərait yaradır. Bu da onu deməyə əsas verir ki, artıq torpaqlarımızın tam şəkildə bərpasına az zaman qalır. Bunun psixoloji və mənəvi tərəfləri də var. Çünki insanlar öz torpaqlarına geri dönürlər və cənab Prezident tərəfindən bu prosesin şəxsi qayğı ilə nəzarətə götürülməsini müşahidə edirik. Ağdam şəhəri də işğaldan əvvəl Azərbaycanın ən böyük şəhərlərindən biri idi. Ağdam çox qədim tarixə malik və gözəl arxitekturası olan şəhərdir. Amma təəssüflər olsun ki, yer üzündən silinmişdir. Burada 2 mindən çox insan yaşayıb. Ağdamın baş planı məlumdur, fikrimcə, bura ən gözəl şəhərlərimizdən biri olacaq".