Xocalıya qayıdış Xocalı şəhidlərinin ruhuna ehtiramdır

25 Fevral 2025 14:50 (UTC+04:00)

Xocalı faciəsi, Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxan, XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşmüşdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, o dövrdə Xankəndidə yerləşən 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalıya hücum edərək dinc əhalini amansızcasına qətlə yetirdi. Bu soyqırımı nəticəsində 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla öldürüldü.

Lakin Azərbaycan xalqı heç vaxt bu faciəni unutmadı və Azərbaycan dövləti şəhidlərimizin qanının yerdə qalmayacağını daim bəyan etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu Xocalı da daxil olmaqla Qarabağın hər bir qarışını işğaldan azad etdi. Bu qələbə həm Xocalı şəhidlərinin ruhuna bir ehtiram, həm də Azərbaycanın gücünü və ədalətin gec-tez bərpa olunacağını sübut edən tarixi hadisə oldu.

Xocalı şəhidlərinin qisası Ali Baş Komandanın “Dəmir Yumruq”u və Müzəffər Azərbaycan Ordusunun əzmi nəticəsində alındı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir Yumruq” əməliyyatını həyata keçirdi. 2020-ci ilin sentyabrında başlayan bu əməliyyat nəticəsində Azərbaycan əsgərləri işğal altında olan torpaqları bir-bir azad etdi. Azərbaycan Ordusu düşmənə elə bir zərbə endirdi ki, 30 il ərzində qurulan bütün müdafiə xətləri bir-bir dağıldı və 30 illik işğala birdəfəlik son qoyuldu. Müharibə dövründə Azərbaycan əsgərləri və zabitləri yüksək döyüş ruhu, şücaət və qəhrəmanlıq nümayiş etdirərək düşməni darmadağın etdilər. Xüsusilə Xocalının azad edilməsi Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyırdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Xocalını tam nəzarətə götürdü və şəhərdə üçrəngli bayrağımız dalğalandı.
Bu, Xocalı soyqırımının qurbanları üçün bir ədalət təcəssümü idi. İndi Xocalı azaddır və burada Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa işləri həyata keçirilir. Bir vaxtlar qırğın meydanına çevrilən bu şəhər tezliklə yenidən çiçəklənən bir məkana çevriləcək. Xocalının azad olması həmçinin, Xocalı şəhidlərinin ruhuna ən böyük ehtiram idi.

Azərbaycan Ordusunun qəhrəmanlığı

Müzəffər Azərbaycan Ordusu Xocalının qisasını almaqla yanaşı, bütün Qarabağ və Şərqi Zəngəzuru düşməndən təmizlədi. Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu, təkcə hərbi zəfər deyil, həm də tarixi ədalətin bərpası idi. Azərbaycan əsgərinin qəhrəmanlığı və Ali Baş Komandanın siyasi-diplomatik iradəsi sayəsində bu böyük qələbə qazanıldı.

Azərbaycan xalqı Xocalı şəhidlərinin xatirəsini daim yaşadacaq. Hər il fevralın 26-da bu faciə dərin hüznlə anılır, eyni zamanda Azərbaycanın gücü və birliyi nümayiş etdirilir. Artıq Xocalı haray çəkən bir şəhər deyil, azad və firavan gələcəyə addımlayan bir diyardır. Bu, Azərbaycan Ordusunun və xalqının birliyinin, gücünün və mübarizliyinin ən böyük sübutudur.

Xocalı soyqırımı heç vaxt unudulmayacaq. Lakin bu faciənin acısını yaşayan xalq indi qalib ölkənin vətəndaşıdır. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində şəhidlərimizin qanı yerdə qalmadı, ədalət bərpa olundu və torpaqlarımız işğaldan azad edildi. İndi Xocalı və Qarabağ bütövlükdə dirçəlir, bu torpaqlarda quruculuq və firavanlıq dövrü başlayır. Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaq! Şəhidlərimizin qanı yerdə qalmadı, ədalət bərpa olundu, Azərbaycan qalib xalq kimi tarix yazdı!

Ramil Mirzəyev, YAP Xətai rayon təşkilatının sədri