“ABŞ prezidenti Donald Tramp seçki öncəsi ABŞ və Rusiya arasında təmasların mümkünlüyünü qeyd edirdi. 20 yanvar tarixində Donald Tramp ABŞ prezidenti kimi fəaliyyətə başlamasından çox qısa zaman sonra ABŞ prezidenti ilə Rusiya Prezidenti Vladimir Putin arasında bir saat yarım davam edən telefon danışığı baş tutdu. Bu telefon danışığı artıq bundan sonrakı beynəlxalq proseslər haqqında ilkin təsəvvürləri formalaşdırmış oldu. Hər şeydən öncə isə Avropa ölkələrinin rəhbərlərinin reaksiyası diqqəti cəlb elədi. Məhz Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı Avropa liderlərinin kritik sammitinin təşkil olunmasına səbəb oldu. Bunun özü isə ondan xəbər verir ki, bütövlükdə ABŞ ilə Rusiya arasında təmasların çox böyük sürətlə yaranması və inkişaf etməsi müasir beynəlxalq proseslərdə çox dərin iz buraxmaqdadır. Biz bunun gələcək nəticələrindən öncə artıq müşahidə etdiyimiz nəticələr haqqında danışa bilərik. Münhen təhlükəsizlik sammiti demək olar ki, əvvəlki sammitlərdən tam fərqli bir ruhda baş tutdu. Elə bunun özüdə bir nəticə idi. Bir qayda olaraq Münhen təhlükəsizlik konfransı son illərdə, ümumiyyətlə avropa platformalarında baş tutan müzakirələr Rusiyaya qarşı yönəlmiş olurdu. Amma ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens təhlükəsizlik konfransının tribunasından Avropanı ittiham etdi”. Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Vens Avropaya münasibətdə çox ciddi ittihamlar irəli sürdü: “Bu da Münhen təhlükəsizlik konfransı iştirakçılarını sözün həqiqi mənasında “soyuq duş” effektinə məruz qoydu. Bunun ardınca Səudiyyə Ərəbistanın paytaxtı Ər-riyad da 2022-ci ildən sonra ilk dəfə olaraq ABŞ-nin yüksək səviyyəli təmsilçiləri ilə Rusiya təmsilçiləri arasında görüş baş tutdu. Bu görüşün formatı da çox maraqlı idi. ABŞ Dövlət katibi Marko Rubio bu görüşdə iştirak etdi. Rusiya tərəfindən isə Rusiyanın Xarici İşlər Naziri, Vladimir Putinin nümayəndəsi və eyni zamanda Kiril Dmitriyevin də iştirakı çox maraqlı oldu. Çünki o Rusiya Federasiyasının Birbaşa İnvestisiyalar qurumunun rəhbəridir. Hər şeydən öncə Kiril Dmitriyevin iştirakına aydınlıq gətirmək maraqlı olardı. Bu ondan xəbər verir ki. ABŞ ilə Rusiya arasında təkcə siyasi deyil, həm də iqtisadi maliyyə sahəsində əməkdaşlıq real olareaq qurulur və tərəflər səfirlərin təyin edilməsi məsələsini razılaşdırırlar. Yəni həqiqətən də dünyanın geosiyasi konfiqurasiyasi çox ciddi şəkildə dəyişməkdədir. Donald Tramp bəyan etdi ki, əgər atəşkəs olacaq sa, Moskvaya səfər edəcəkdir. Çox güman ki, Vladimir Putinlə Donald Tramp arasında müəyyən məsələlərlə bağlı razılıqlar var və bu məsələlər Avropasız və Ukraynasız həll olunur”.
Politoloq həmçinin bildirib ki, Qərb Ukrayna üzərindən növbəti dəfə uğursuz geosiyasi eksperment apardı: “Yəni bu gün real olaraq Ukraynaya dəstək məsələsini heç kim öz üzərinə götürmək istəmir. Hesab edirəm ki, Parisdə baş tutan sammitlərin hər ikisi fiaskoya düçar oldu. Sadəcə olaraq Ukraynaya yardımın vacibliyi səsləndi. Amma konkret olaraq kim üzərinə hansı öhdəlikləri götürməlidir məsələsində heç bir aydınlıq olmadı. Yəni vəziyyət ondan ibarətdir ki, dünyadakı proseslər ən çox ABŞ və Rusiyanın münasibətlərindən asılı olacaq. Bu münasibətlər isə qurulmaqdadır. Biz artıq proqnozlaşdıra bilərik ki, ABŞ ilə Rusiya arasında dialoq mühiti mövcuddur və dünyanın geosiyasi, geoiqtisadi mənzərəsinidə bu iki dövlət müəyyən edəcək. Avropa isə sadəcə olaraq bu dövlətlərin müəyyənləşdirdiyi vəziyyətə uyğunlaşdırmaq məcburiyyətində qalacaq. Avropa ölkələri tərəfindən yüksək səslənən bəyanatlar verilə bilər, amma mahiyyət etibarı ilə bu bir nəticəyə gətirib çıxara bilməyəcək”.