"Azərbaycan-Ermənistan arasında sülh sazişində demək olar ki, birinci olaraq əngəllərdən faktiki 17 bənddən ibarət olan razılaşma var. Onlardan 15-i icra olunub, 2 bənd qalıb". Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Bədrəddin Quliyev deyib.
O bildirib ki, birincisi, Ermənistan tərəfi Azərbaycanın işğal altında olan 4 kəndini qaytarmalıdır: "Hələlik bizim ən qlobal problemimiz 4 kəndimizin işğal altında olmasıdır. Bununla bağlı konkret olaraq delimitasiya və demarkasiya prosesi tam başa çatmayıb. Bu proses davam etdirilməlidir.
İkincisi, Ermənistan tərəfinin Azərbaycanla bağlı ərazi iddiası var və bu da onların konstitusiyasında öz əksini tapıb. Demək olar ki, 1989-cu ilin dekabr ayının 1-dən Dağlıq Qarbağın Ermənistana birləşməsi haqqında Ermənistan Ali Sovetinin qərarı var. O da onların müstəqillik bəyannaməsində öz əksini tapıb. 1990-cı illərdə ermənilər Qarabağda seçkilər keçirmiş, Qarabağın Azərbaycana aid olması, ərazi bütövlüyünün tanınması ilə bağlı 1989-cu ilin dekabr ayının 1-də qəbul etdikləri qərar ləğv etməlidirlər. Həm bizə, həm də Türkiyə ilə bağlı olan Ağrı dağının Emənistanın emblemasında dəyişiklik aparılmalıdır.
Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin nefti məsələsini gündəmə gətirmək üçün ixracat yüklərinin daşınması tarixi Azərbaycan torpaqları olub. Düzdür, Rus-Sovet işğalı dövründə bu ərazilər tədricən alınaraq Ermənistana verilib və Azərbaycanın faktiki Naxçıvan MR ilə Azərbaycan arasında 41 km-lik dəmiryolu vardır. Bu dəmiryol və keçid Sovet dövründən, 1992-ci ilin aprel ayına qədər Azərbaycan dəmiryollarının tabeliyində olub.
Qarabağ quberniyasını iki hissəyə parçalayandan sonra, həmin ərazilərin parçalanması, dağıdılması, kəndlərin yandırılması və tədricən həmin ərazinin ələ keçirilməsi prosesi başladı. SSRİ yaranan dövrdə ruslar buranı işğal etdikdən sonra Zəngəzuru iki hissəyə ayırdılar. Bu əraziləri hissə-hissə ələ keçirməyə başladılar. “Qars” müqaviləsinin prinsipləri kənara qoyularaq, proseslər başladı və getdikcə bunu 26 km aralığa çatdırdılar. L. Mirzoyan Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olandan sonra, (1926-1929) Nüvədi kəndi Zəngilanın tabeliyindən çıxarıb, Ermənistana verildi. 1929-cu ildən 1969-cu ilə qədər Nüvədi kəndi tabe olmadı, 1969-cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı əsasında bu ərazilərin Ermənistana verilməsinə razılıq verdi. Belə dövrdə rus basqısı, işğalı daxilində torpaqların parçalanmasının əsas məqsədi o idi ki, bizim türk dünyası ilə əlaqələrimizi ayırsınlar. Ona görə də Türkiyə ilə Naxçıvan sərhədindəki Arazdəyən və Dərələyəz bölgəsinin 1920-ci ilin avqust ayında ermənilərə verilməsi bizi müttəfiqsiz qoymaq, ərazilərimizi ələ keçirmək, dağıtmaq, parçalamaq siyasəti güdürdü. Bu siyasətin qarşısı 2020-ci ildə alındı. Ona görə də Azərbaycana qarşı onların çox böyük xəyanətləri olub. “Xocalı soyqırımı”ndan başlayaraq, Şuşanın, Laçının, Kəlbəcərin işğalında Azərbaycan xalqına qarşı genosiyasi, etnik təmizləmə aparmaq bu proseslərin yekunu formasında bölgəni tərk etdikdən, Azərbaycan öz ərazi bütövlüyünü həll etdikdən sonra sülhə məcburetmə əməliyyatı başlayır və bölgədə Ermənistan yeni müttəfiqlər axtarmaq istəyir. Yenidən o bölgəni silah-sursatla təmin etmək istəyir. Buna baxmayaraq, sülhə gedən anlarda vaxtın uzadılması, geopolitik nöqteyi-baxımdan bölgədə vəziyyətin dəyişməsi və bölgədə türk faktorunun ortaya çıxması Ermənistanı məcbur edir ki, Türkiyə ilə sərhədləri açsın və Azərbaycanla sülh müqaviləsi bağlasın.
Bölgəni əlavə münaqişə zonasına çevirməsi Ermənistanın məhvinə gətirib çıxara bilər. Yeni Ermənistanın yaranması və yeni Ermənistanın konstitusiya və referendumunun qəbul olunması qaçınılmazdır. Düzdür, bu, Ermənistana marağı olan həm Qərb dövlətlərinin, o cümlədən, Rusiyanın, İranın marağındadır ki, bu proses uzansın və sülh müqaviləsi bağlanmasın. Nə qədər sülh müqaviləsi bağlanmayıbsa, Ermənistan ərazisindən keçən yollar, iqtisadi əlaqələr olmayacaq".
"Bölgədə alternativ yollar çəkilir. Erməni cəmiyyətində olan ərazi iddialarından, xülyalarından, “Böyük Ermənistan” yaratmaq iddialarından kənarlaşdırmaq, qonşularla normal münasibətin yaşanması məcburiyyətində qalıblar. Ermənilərə dəstək olan qüvvələrin bu gün öz daxilində olan ziddiyyət var ki, Ermənistan yaddan çıxıb. Ermənistan məcburiyyət qarşısında bölgədə referendum məcburiyyətinə getməli olacaq. Konstitusiyada dəyişiklik olduqdan sonra, sülh prosesi getdikcə sürətlənəcək. Üzdə Ermənistan cəmiyyətini ona hazırlayırlar, arxada isə Ermənistan Azərbaycanla birgə delimitasiya və demarkasiya prosesi komissiyası ciddi şəkildə işçi qrupları formasında bütün əlaqələri gedir.
Bölgədəki şəraitə, vəziyyətə uyğun olaraq Ermənistanın yeganə çıxışı sülhə getməkdir. Ermənistanın bölgədə müharibə etmək potensialı tükənib. Bu gün bölgədə İran, Rusiya-Ukrayna məsələsi olduğuna görə Ermənistanın mövcud hakimiyyəti vəziyyətdən çıxmaq istəyir. Baxmayaraq ki, Fransa və Avropanın müəyyən təsirləri var. Ermənistanda yolların açılması və sülh müqaviləsinin bağlanması bölgədə ərazi-kommunikasiya xəttlərinin açılması İran və Rusiyadan gedən ümumdünya ticarət sisteminə Ermənistanın da qoşulmasına gətirib çıxara bilər. Ermənistan bu prosesləri dəqiqləşdirib, ciddiləşdirməli, ondan sonra Azərbaycanla danışıqlara başlamalıdır" - deyə o, əlavə edib.