Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun SİA-ya müsahibəsini təqdim edirik:
- Bolqarıstan Respublikası Prezidentinin Gənclər və İdman məsələləri üzrə məsləhətçisi Georgi Aleksandrovla görüş zamanı nə kimi məsələlər barədə danışdınız?
- Bildiyiniz kimi federasiya olaraq beynəlxalq əlaqələrimizin qurulmasına xüsusi önəm veririk. Beynəlxalq, eləcə də Avropa Ağırlıqqaldırma Federasiyaları ilə münasibətlərimiz ən yüksək səviyyədədir. Bir neçə gün əvvəl Bolqarıstan Respublikası Prezidentinin Gənclər və İdman məsələləri üzrə məsləhətçisi Georgi Aleksandrovla görüşdük. Məhsuldar və faydalı bir görüş oldu. Gələcək planlar barədə danışdıq. Onların da müəyyən məsələlərlə bağlı əməkdaşlıq təklifləri var.
- Məsləhətçi ilə hansı mövzuları müzakirə etdiniz?
- Onlar da bizim kimi gənc və yeniyetmə idmançıların inkişafında maraqlıdır. Burda əsas məsələ təcrübə mübadiləsidir. Bizim üçün ən önəmli məsələ təmiz idman prinsipidir. Bu prinsiplər çərçivəsində təşkil olunan istənilən yarış təcrübə qazanmaq baxımından faydalı ola bilər.
- Bolqarıstanla Azərbaycan Ağırlıqqaldırma Federasiyası arasında hansısa mənada əməkdaşlıq ola bilərmi?
- Azərbaycan idmanı üçün faydalı ola biləcək bütün təkliflərə isti baxırıq. Bugün biz dünyadan təcrid oluna bilmərik. Əməkdaşlıq etmək mütləqdir. Bolqarıstan ağırlıqqaldırma idman növündə çəkisi olan ölkədir. Onlarla təcrübə mübadiləsi maraqlı olar. İlk görüşümüz çox müsbət nəticələndi amma əməkdaşlığın detalları haqqında konkret danışmaq üçün tezdir. Təmaslarımız davam edəcək və təklifləri dəyərləndirəcəyik.
- Onun Azərbaycanın ağırlıqqaldırma idman növü ilə bağlı düşüncələri hansı yönümdə idi?
- Təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycan idmanının xaricdə çox böyük nüfuzu var. Ölkəmizdə idmana olan diqqət və qayğını təkcə biz deyil, onlar da hiss edirlər. Georgi Aleksandrov ölkəmizə səfəri müddətində buna bir daha şahid olduğunu dedi. Ümumiyyətlə dövlətimizin idmana olan münasibətini görən hər kəs uğurların hardan qaynaqlandığını dərhal anlayır. Fikrimcə bir idman funksioneri, məşqçisi yaxud atleti üçün ən böyük dəyər ona dövlət tərəfindən etimad göstərilməsidir. Etimad və məsuliyyət olan yerdə isə uğur özünü çox gözlətmir.