“Su yaşam deməkdir, çünki torpaq su ilə canlanır! Su bolluq deməkdir, çünki canlanan torpaq insanlara nemətlər bəxş edir! Su saflıq, duruluqdur, çünki daim yenilənir. Su öz saflığını toxunduğu hər nəsnəyə yansıdır!”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə deyib.
Onun sözlərinə görə, su ən yaxşı dərmandır – həm ruhu, həm bədəni təmizləyir: “Su təmizlik rəmzidir. O həm daxili, həm zahiri təmizləyir, yuyur, duruldur, canlandırır, nəfəs verir!”.
Dürdanə Rəhimzadə sözlərinə belə davam edib: “Su dirilikdir! O, yenidən həyata qaytarır! Su həyat mənbəyidir və Novruzun başlanğıcında onun qeyd edilməsi yenilənmənin ilk addımıdır.
Təmizlik və arınma rəmzi olduğuna görə, insanlar Su Çərşənbəsində həm mənəvi, həm də fiziki olaraq təmizlənirlər. Qədim inanclara görə Su Çərşənbəsində su "yatmış" haldan "oyanmış" hala keçir. İnsanlar su ilə yuyunaraq, günah və pisliklərdən təmizləndiklərinə inanıraq uğursuzluğu uzaqlaşdırmaq üçün evlərin künclərinə su səpirlər. İnsanlar suya baxaraq arzularını diləyir və bunun həyata keçəcəyinə inanırlar. Su çərşənbəsondə ən xoş arzularınız çin olsun!”.
Ayşən Vəli