"Bu yarışda yığma komanda səviyyəsində mübarizə aparmamışıq" - Baş məşqçi AÇIQLADI

25 Fevral 2025 11:57 (UTC+04:00)

"Bu yarış həm önəmli, həm də çox mötəbər bir yarış idi". Bunu SİA-ya karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev deyib.

O, BƏƏ-nin Əl-Füceyrə şəhərində karateçilər arasında Gənclər Liqasının birinci mərhələsində iştirak edən komandamızın çıxışını dəyərləndirib.

Təcrübəli mütəxəssis bildirib ki, bu yarışda yığma komanda səviyyəsində iştirak etməyiblər: "Ona görə də yığma komandanın hazırlıq prosesi də olmayıb. Mən özüm də bu yarışda olmamışam. Bu səbəbdən mən heç bir qiymət verə bilmərəm. İdmançı və məşqçilərimiz klub səviyyəsində hazırlaşıb bu yarışa öz hesablarına yollanıblar. Uşaqlar arasında (U14) 52 kiloqram çəki dərəcəsində iştirak edən Dəniz Nəcəflinin nəticə verməsində əməyi olan hər bir kəsə təşəkkür edir və təbrik edirəm. Onun nəticəsinə fikir bildirməyim məşqçilərin fəaliyyətlərini dəyərləndirməyim kimi görsənə bilər. Ona görə bu barədə danışmaq istəmirəm. Bu ildə gənclərin bir neçə liqa yarışı var. İspaniya, Xorvatiya, Meksiika və İtaliya. O yarışlarda iştirak çox önəmlidir. Əfsuslar olsun ki, bu yarışlarda iştirak edəcəyimiz məlum deyil. 3-6 aprel tarixlərində İspaniyada keçiriləcək yarışda da iştirak edə bilməyəcəyik. Bunun səbəbini isə yalnız Federasiya rəhbərliyi bilir”.

Qeyd edək ki, bu yarışa Azərbaycan millisi 31 karateçi ilə yollanıb. Millinin üzvü Dəniz Nəcəfli (52 kq) gümüş medal qazanıb.