Azərbaycanın 3 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

25 Fevral 2025 11:12 (UTC+04:00)

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, 57 kiloqramda çıxış edən Zəlimxan Süleymanov Davlet Moldaşevlə (Qazaxıstan) qarşılaşıb. Görüş boksçumuzun 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda ilk mərhələdən azad olan Miçele Baldassi (İtaliya) ilə gücünü yoxlayacaq.

Nəbi İsgəndərov (67 kiloqram) 1/4 finala döyüş keçirmədən vəsiqə qazanıb. Buna onun rəqibi Şpetim Bayokunun (Kosovo) görüşə gəlməməsi səbəb olub. İsgəndərov yarımfinala gedən yolda Rumen Rumenovla (Bolqarıstan) üz-üzə gələcək.

Zaur Qəhrəmanov (67 kiloqram) isə 1/8 finalda O`Konnor Darrendən (İrlandiya) güclü olub. Boksçumuz 4:1 (30:27, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb. O, ikinci görüşündə Canluici Malanqa (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.