Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə çağırış edib

25 Fevral 2025 10:25 (UTC+04:00)

Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qərəzli çıxışı ilə bağlı bəyanat yayıb. SİA-ya bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bəyanatda qeyd olunub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında, 2025-ci il fevralın 24-də etdiyi çıxışında, Azərbaycanda hazırda məhkəmələri davam edən bir qrup müharibə cinayətkarına haqq qazandıran, insan hüquqları anlayışına zidd və bölgədə sülh səylərinə mane olan fikirlər səsləndirib:

Qeyd olunub ki, nazir A. Mirzoyanın ölkəsinin 1992-ci il fevralın 25-26-da törətdiyi Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə təqsirli bilinənlərin işi üzrə ədalət mühakiməsinə xələl gətirməyə çalışması soyqırımı qurbanlarının ruhuna hörmətsizlikdir: “Ararat Mirzoyanın Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldırması və BMT-nin insan hüquqları mexanizmlərini bu məsələyə cəlb etməyə çalışması isə növbəti riyakarlıqdır. Ermənistanın insan hüquqları sahəsində üzərinə düşən əsas vəzifəsi öz ərazisindən zorla çıxardığı Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.

Tez-tez 1991-ci il Almatı Bəyannaməsinə istinad edən Ermənistan hökumətinin diqqətinə çatdırmaq istərdik ki, Ermənistan həmin bəyannaməni imzaladıqdan sonra Azərbaycana qarşı hücumlarını daha da genişləndirərək ölkənin 20 faizini işğal etmiş və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoymuşdur. Sülh hansısa sənədə istinad etməklə deyil, konkret addımlar atmaqla əldə edilir. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzitə şərait yaratmaq öhdəliyini yerinə yetirməməsi sülhə xidmət etmir”.

Eyni zamanda, bəyanatda bütün bunların Ermənistan hökumətinin sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı olmamasının sübutu olduğu qeyd olunub: “Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməyi, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmağı və sülh üçün üzərinə düşən addımları atmağı tələb edirik”.