Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTO

25 Fevral 2025 08:03 (UTC+04:00)

Azərbaycanın ABŞ-dəki səfirliyi və Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ABŞ-nin yerli ictimaiyyəti və azərbaycanlı icmasının üzvləri, bu ölkədə təhsil alan xarici və azərbaycanlı tələbələr, o cümlədən ABŞ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri iştirak edib.

Anım tədbiri Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin açılış nitqini edən Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının prezidenti Humay Sadiq ailəsinin məcburi köçkün olduğu zaman yaşadığı çətinliklərdən danışıb. H.Sadiq Xocalı soyqırımı zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyərək, daha sülh və əmin-amanlıq dolu bir gələcəyə ümidini ifadə edib.

Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim Xocalı soyqırımı qurbanlarının etnik və dini mənsubiyyətlərinə görə həyatlarını itirdiklərini, bu faciənin Azərbaycan irsinin Qarabağ regionundan tamamilə silinməsi məqsədilə törədildiyini qeyd edib. Səfir Xocalı qurbanlarının əziz xatirəsinin yad edilməsinin hər kəsin borcu olduğunu, lakin bunun kifayət etməyini bildirərək, davamlı olaraq Xocalı soyqırımını inkar edənlərə müqavimət göstərməli olduğumuzu vurğulayıb. Səfir həmçinin, Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, eləcə də öz torpaqlarını işğaldan azad etdiyini vurğulayıb.

Tədbirdə daha sonra Xocalı soyqırımı hadisələrindən bəhs edən məlumatlandırıcı videoçarx nümayiş edilib.

Daha sonra amerikalı kamança ustası, Amerikanın Muğam Cəmiyyətinin sədri Cefri Verbok Xocalı soyqırımının Azərbaycan tarixi üçün əhəmiyyətindən bəhs edib. Verbok Azərbaycanın Qarabağ regionunun artıq azad olduğunu, bunun ölkəmizin rəhbərliyi və Azərbaycan xalqı hesabına əldə edildiyini vurğulayıb.

Daha sonra, Verbok kamança ilə Azərbaycan muğam sənətindən nümunələr ifa edib.

Tədbirin sonunda Xocalı soyqırımının qurbanları üçün ehsan verilib. Xocalı soyqırımına həsr olunmuş stenddə faciəyə dair ABŞ mediasında yer almış məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotolar nümayiş olunub.