Məsqət şəhərində Oman İqlim Həftəsi işinə başlayıb. “Dayanıqlı dünyada həyat” şüarı altında keçirilən tədbirdə Omandan və dünya ölkələrindən 2000-dən çox şəxs iştirak edir. Fevralın 27-dək davam edəcək tədbirdə 250-dən çox mütəxəssisin çıxışı gözlənilir. SİA “Oman əl-yaum” qəzetinə istinadla xəbər verir ki, İqlim Həftəsi Omanın İqlim üzrə İdarəsinin BMT-nin Ətraf Mühit Proqramı və İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyi ilə əməkdaşlıq şəraitində təşkil olunur.
Açılış mərasimində Omanın İqlim üzrə İdarəsinin sədri Abdullah bin Əli əl-Omari çıxış edərək ölkəsinin ətraf mühitlə və iqlim dəyişikliyi ilə əlaqədar olan bütün sazişlərə və protokollara, o cümlədən Paris Sazişinə sadiqliyini vurğulayıb. O, qeyd edib ki, bir həftə ərzində 100 mütəxəssisin çıxış edəcəyi 20 dialoq sessiyası, eləcə də 15 seminar və təlim proqramı keçiriləcək. Bundan başqa, bu əsnada ətraf mühit və iqlim sahəsində ən son həllərin və innovasiyaların sərgisi təşkil olunacaq. Oman İqlim Həftəsi ötən ilin son rüblüyündə Kalidə, ər-Riyadda və Bakıda keçirilmiş 3 iqlim sammitinin nəticələrinin müzakirəsi üçün mühüm platformadır.
Tədbirdə, həmçinin Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP 29-un prezidenti Muxtar Babayevin, Beynəlxalq Yaşıl İqtisadiyyat Təşkilatının prezidenti Səid bin Məhəmməd əl-Tayirin, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim bin Məhəmməd əl-Bədivin və başqalarının çıxışları dinlənilib. Muxtar Babayev Oman İqlim Həftəsinin əhəmiyyətini vurğulayıb, onu dialoq, əməkdaşlıq və innovasiya üçün yaxşı platforma olduğunu qeyd edib. Natiq Bakıda keçirilmiş COP29 konfransının nəticələrinə, eləcə də iqlim prioritetləri sahəsində əldə edilmiş nailiyyətlərə, o cümlədən iqlim maliyyələşdirilməsində əldə edilmiş razılaşmaya diqqəti çəkib.
Sonra Oman Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış Ətraf Mühitlə bağlı xatirə pul nişanlarının təqdimatı keçirilib. Gələcək Nəsillər üzrə Komissar Sofi Hounun çıxışı ilə rəsmi açılış mərasimi yekunlaşıb. Daha sonra tədbirdə bədii hissə baş tutub.
Qəzetin məlumatına görə, Oman İqlim Həftəsinin məqsədi, xüsusilə Yaxın Şərq və Şimali Afrika bölgəsində iqlim dəyişikliyinin təsirlərinin yüngülləşdirilməsi üçün həllər axtarmaq, həmçinin bu problemin həlli məqsədilə qlobal səyləri birləşdirməkdir. Bununla yanaşı, iqlim fəaliyyətinin gücləndirilməsi, regional və beynəlxalq əməkdaşlığın asanlaşdırılması, yerli, regional və beynəlxalq bizneslərin dəstəklənməsi, həllərin tətbiqinə və genişlənməsinə dəstək verilməsi, Oman Sultanlığının öhdəliyinin təqdimi və cəmiyyətin iştirakının təşviqi məsələləri tədbirdə əsas müzakirə ediləcək məsələlərdəndir.