Ankarada OSTİM universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTOLAR

25 Fevral 2025 01:40 (UTC+04:00)

Fevralın 24-də Ankaranın OSTİM Texniki Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım tədbiri keçirilib. SİA xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və universitetin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatlar, OSTİM Texniki Universitetinin müəllim və tələbələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Eldar Əliyev iştirakçıları ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər və cinayətlər haqqında məlumatlandırıb. O, Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulayaraq, insanlığa qarşı həyata keçirilmiş cinayətləri unutmamağa və bir daha bu cür cinayətlərin təkrarlanmasına yol verməməyə çağırıb.

OSTİM Texniki Universitetinin prorektoru Mustafa Polat və Ankaranın Keçiören bələdiyyəsinin keçmiş sədri Turqut Altınok çıxış edərək Azərbaycan xalqının haqlı mövqeyini dəstəklədiklərini bildiriblər.

Daha sonra Azərbaycanın Xalq artisti, məşhur balaban ifaçısı Əlixan Səmədovun, Əməkdar artist, pianoçu Turan Manafzadənin və Əməkdar artist, skripkaçı Elvin Qəniyevin iştirakı ilə musiqi proqramı təqdim edilib.

Universitetin foyesində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş sərgi təşkil edilib.