Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

24 Fevral 2025 19:20 (UTC+04:00)

Azərbaycanın Müqəddəs Taxt-Tac və İtaliyadakı səfirliklərinin təşkilatçılığı ilə Romadakı “Sant’Agnese Fuori le Mura” bazilikasında Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınan Xocalı hadisələrinin bu il 33-cü ildönümünün qeyd olunduğunu söyləyib. O, amansız qətliam nəticəsində bir gecədə 613 günahsız insanın qətlə yetirildiyini, 8 ailənin yer üzündən silindiyini, 1275 nəfərin girov götürüldüyünü bildirib. Diplomat qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi və ərazilərinin işğalı nəticəsində beynəlxalq humanitar hüququn pozulmasına, o cümlədən çox sayda mülki azərbaycanlının öz yurd-yuvasından didərgin salınmasına və onlara qarşı hücumlara xüsusi istinad olunub.

Vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarı ilə Xocalıda baş verənləri mülki əhalinin qətliamı kimi müəyyən edib. Çoxsaylı beynəlxalq təşkilatlar və onlarla ölkənin parlamentləri Xocalı soyqırımını tanıyıb və Ermənistanın bununla bağlı məsuliyyət daşıdığını təsdiq edib.

“Bəşəriyyətə qarşı cinayətləri pisləmək və onların təkrarlanmasının qarşısını almaq hamımızın mənəvi borcudur. Azərbaycan Ermənistanla münasibətlərində yeni səhifənin açılmasının və region xalqlarının dayanıqlı rifahını təmin edəcək davamlı sülh sazişinin imzalanmasının tərəfdarıdır. Belə humanitar faciələrin bir daha təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”, - deyə səfir çıxışını yekunlaşıdırıb.

Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı şəhəri barədə tədbir iştirakçılarına məlumat verib, onun strateji baxımdan Azərbaycanın Qarabağ bölgəsində əsas yolun üzərində yerləşdiyini və buna görə də Ermənistan silahlı qüvvələrinin Xocalıya həm əsas hədəf, həm də Qarabağın dinc əhalisini qorxutmaq, işğala qarşı müqaviməti zəiflətmək üçün fürsət kimi gördüyünü deyib.

Səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə şəhərə kütləvi hücuma keçdiyi, həmin gecə ümumilikdə 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl insanın həyatını itirdiyi, sağ qalan şəhər sakinlərinin məcburi köçkün vəziyyətinə düşərək Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapdığı barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və uzun sürən işğala son qoydu. Xocalı soyqırımının törədilməsində təqsirləndirilənlərin bəzilərinin bu gün Azərbaycanda mühakimə olunduğunu və bu qətliamın icraçılarının cəzalandırılmasının gələcəkdə bu kimi cinayətlərin törədilməməsi baxımından da önəmli olduğu qeyd edilib. İndi isə ölkəmiz azad olunmuş bütün ərazilərdə, o cümlədən Xocalıda geniş bərpa və yenidənqurma layihələri həyata keçirir. Digər bölgələrin sakinləri kimi, doğma yurdlarına geri qayıdan Xocalı əhalisi də evlərində sülh, əmin-amanlıq içində yaşayacaq.

Tədbirin bədii hissəsində İtaliyanın “Constantina” musiqi kapellasının xor kollektivi və orkestri tərəfindən məşhur italyan bəstəkarı Antonio Vivaldinin əsərləri, o cümlədən Azərbaycan xalq mahnısı “Laçın” ifa olunub.

Məlumat üçün bildirək ki, 340-345-ci illər arasında Roma imperatoru I Konstantinin qızı Konstantina tərəfindən öz məqbərəsi kimi tikilən “Santa Costanza” Monumental Kompleksi Mavzoleyində yerləşən “Sant’Agnese Fuori le Mura” bazilikası VII əsrin birinci yarısında Papa I Onorio tərəfindən tikdirilib. Bazilika 753-cü ildə Lombardların kralı Astolfo və 1241-ci ildə II Fridrix tərəfindən talan edilib, ciddi dağıntılara məruz qalıb və hər iki halda Roma papaları tərəfindən bərpa olunub.