Xocalının qisası döyüş meydanında alındı

24 Fevral 2025 17:36 (UTC+04:00)

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 33 il ötür. Erməni faşizminin bütün insanlıq üçün son dərəcə təhlükəli olan vəhşi xislətini nümayiş etdirən Xocalı qətliamı xüsusi qəddarlığı, vəhşiliyi və amansızlığı ilə seçilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı cinayət Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən birinə çevrildi. İkinci bir tərəfdən də, xalqımıza qarşı törədilmiş bu soyqırımı təkcə erməni şovinizminin deyil, eyni zamanda indiyədək bütün bu vəhşilikləri törədənlərə havadarlıq edən bəzi Qərb dövlətlərinin, qlobal güc mərkəzlərinin də maskalarının yırtılmasına səbəb oldu. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. ​​​​​​​​Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparıb. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Ulu Ondərin təşəbbüsü ilə Azərbaycan parlamentində fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qəbul olunmuşdur.

Bundan əlavə, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır.

Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Bütün bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.​​​​Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. 30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.

Yeni Azərbaycan Partiyasının (YAP) Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov