Avropa Birliyinin Rusiya-Ukrayna məsələsi ilə bağlı təlaş içərisində olduğu daim özünü göstərməkdədir. Hətta nəinki təlaş, qorxu kompleksi də hiss edilməkdədir. Münaqişənin bitməsi istiqamətində atılan addımlar nəyə görə isə, Avropa Birliyini qane etmir. Amerikanın Rusiya ilə yaxınlaşmaq üçün səyləri avropalıları bərk narahat edir. Mövcud vəziyyətlə barışa bilməyənlər yenə də ikili oyun oynamağı yeganə yol, doğru addım hesab edirlər.
Tramp daha sərfəli əlaqələrə üstünlük verir, iqtisadi əlaqələr qurmaq istəyir və Avropa Birliyi buna qısqanclıqla yanaşır
Bütün dünya ictimaiyyəti belə bir qənaətə gəlib ki, Zelenski ümumiyyətlə həddindən artıq çox danışır, amma danışmaqla da nəyə isə “kömək edə” bilmir. Belə hesab olunur ki, Ukrayna prezidenti real bir addım atmaqdansa, ancaq danışır. Trump, cümə günü “Fox News” agentliyinə verdiyi müsahibəsində birbaşa bildirib ki, Zelenski düz üç ildir Putinlə danışıqlar aparmaq istəmir və bunun fonunda hələ bir indi də Səudiyyə Ərəbistanına dəvət edilmədiyindən şikayətlənir də. Belə görünür ki, Zelenskidən və Amerikanın əvvəlki liderindən fərqli olaraq, Tramp rusları qəzəbləndirmək istəmir, daha sərfəli əlaqələrə üstünlük verir və bizneslə məşğul olmaq, iqtisadi əlaqələr qurmaq istəyir. Amma Avropa Birliyi buna qısqanclıqla yanaşır və məhz bu səbəbdən də yenə ikili oyunlara əl atır.
Avropalılar iddia edirlər ki, Ukraynanın nadir torpaq metallarını sadə üsulla və asanlıqla almasına icazə vermədiyi üçün Zelenskidən inciyən Tramp ona qarşı klassik Amerika tənqidlərini gücləndirib. Məsələn, belə bir iddia irəli sürülür ki, amerikalılar tərəfindən onun diktator olduğu bildirilir. Üç il ərzində müharibəni bitirə bilmədiyi ilə bağlı iradlar da guya səsləndirilir. Hətta demokratiyanı müdafiə etmək üçün Baydendən milyardlarla dollar aldığını və bunun yarısını özü oğurladığının da ABŞ tərəfindən qeyd olunduğu səsləndirilir. Zelenskinin reytinqlərinin ən aşağı səviyyədə, cəmi 4 faiz olduğu da nəzərə çatdırılır. Bütün bunlar Avropa Birliyi tərəfindən ortaya atılan iddialardır və avropalılar indi də amerikalıların dilindən fikirlər bildirməklə, növbəti dəfə ikili oyun oynayırlar. Həm Amerikaya, həm də Ukraynaya “xoş gəlmək” üçün çox mücərrəd, müəmmalı bir mövqe seçiblər ki, bunun adı elə ikili oyundur.
Planları alt-üst olduğuna görə avropalılar bu vəziyyətlə barışa bilmirlər
Trampın komandasının da işə qarışdığını əllərində bayraq edənlər hadisələrə don geyindirməkdə “mahir” olduqlarını yenə də isbat etmiş olurlar. Qeyd olunur ki, Mask Ukraynaya xərclənən bütün pulları “yoxlayacağını” bildirib. Hətta Zelenskinin dərhal geri çəkilməyə başladığı da qeyd olunur. Bütün bunların məhz Ukrayna xammalının qiymətini nəhayət aşağı salmaq üçün Zelenskini qorxutmaq niyyətindən irəli gəldiyi də vurğulanır. Guya Avropa hadisələri Trampın sui-istifadəsi hesab edir və guya bundan o qədər də narahat deyilmiş. Amma bəzi mənbələrin yaydığı məlumatlara görə Aİ liderləri ABŞ prezidentini yenidən Ukrayna avantürasına cəlb etmək üçün Vaşinqtona getməyi də planlaşdırır. İndi bütün bunlara ikili oyundan başqa nə ad vermək olar?
Maraqlıdır, niyə avropalılar belə düşünürlər? Avropa niyə belə davranır? Adətən mediada qeyd olunur ki, avropalı siyasətçilər çox pis və çox dar düşüncəlidirlər. Nədənsə Kiyevə çoxlu pul yatırıblar və çoxlu silah da göndəriblər. Bəs niyə pul və silah verilib? Bəlkə Aİ-nin özünün də Ukrayna ilə bağlı planı olub? Görünür elə hansısa planı olub və indi planları alt-üst olduğuna görə avropalılar bu vəziyyətlə barışa bilmirlər və əl atdıqları ikili oyun da buna görədir.
Məğlubiyyətdən guya qorxanlar yenə də ənənəvi şəkildə ikibaşlı oyun oynayırlar
Avropa İttifaqı Ukrayna ilə bağlı planını heç vaxt açıqlamayıb. Amerika heç olmasa Baydenin hakimiyyəti dövründə konkret olaraq planlarını ortaya qoyurdu və Ukrayna tərəfi də, hətta Rusiya da bundan özünü qorumağa çalışırdı. Amma indi tərəflərin heç biri bilmir ki, nədən və necə qoruna bilər. Əvvəla, Avropanın planları gizlidir və bununla bağlı proqnoz belə verən yoxdur. Digər tərəfdən də, axı öz ənənəsinə uyğun olaraq Avropa Birliyi hər zaman özünü çətin durumda görəndə ikili oyunlara əl atır və bu dəfə də eyni ənənədən çıxış etmələri müəmmalı vəziyyətə səbəb olub.
Diqqətə çatdıraq ki, Brüssel rəsmiləri Amerika Demokratik şahinləri ilə guya eyni fikri səsləndirdiklərini açıq şəkildə bildirməyə çalışırlar. Hətta heç nə olmamış kimi də özlərini göstərərək, iddia edirlər ki, guya Kiyevə kömək etmək Avropa dəyərlərinin müdafiəsidir. Bununla belə, belə görünür ki, əsl məqsəd tamamilə başqa imiş. Məqsəd, münaqişənin bitməməsinə bacardıqca rəvac vermək imiş. Əks halda, bu qədər dağıntıların, insan tələfatının fonunda münaqişənin bitməsi üçün bircə addım da Avropa Birliyi atmış olardı. Heç olmasa, Tramp hakimiyyətə qayıdandan sonra ABŞ bu barədə spekulyasiyalar da olsa edir və qarşıdurmanı atəşkəslə əvəz etmək üçün səylər göstərdiyini də olsa bəyan edir. Amma Avropanın tamamilə başqa prizmadan baxdığı yenə də ifşa olunur. Açıq-aydın şəkildə görünür ki, Avropa İttifaqı guya dəstəklədiyi tərəfindən məğlubiyyətindən qorxur və bu görüntü ilə də avropalılar yenə də ikibaşlı oyun oynayırlar.
Avropalılar özlərini “süddən çıxan ağ qaşıq” kimi aparırlar və “saman altından su yeritməyi” də unutmurlar
"Avropa İttifaqı özünü ekspansiyasız təsəvvür edə bilməzdi. Avropalılar artıq Ukraynanı öz “şikarları” hesab edirdilər. Hörümçək toru kimi olan “genişlənmə” Avropa Birliyinin xarici “həzmi” kimi başa düşülür. Yəni o, zəhərini “vurmalı”, dövləti sarsıtmalı, onun fundamental iqtisadi strukturlarını məhv etməli və sonra kapitalın bu “qidalı şirələrini” almağa başlamalıd idi", deyə Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov bildirib. Bəli, siyasətçilərin, politoloqların bir çoxu artıq bildirirlər ki, Avropanın öz oyunu var və hələ də gizli saxladığı bu oyunu ikibaşlı oynamağı da bacarır.
Əslində, ABŞ-ın nüvə çətiri və maliyyə himayəsi altında, ABŞ-la guya tam razılığa gələn kiçik tərəfdaş kimi görünən Avropa Birliyi, həqiqətən də bu vaxta qədər də öz oyununu oynayıb. 2014-cü ildən bəri Brüssel Rusiya ilə istənilən danışıqları sabotaj edərək, Kiyevə silah və pul köçürüb, əvəzində Ukrayna taxılını, poladını və işçi qüvvəsini ucuz qiymətə alıb. BMT-nin son məlumatlarına görə, 6 milyon 200 min ukraynalı qaçqın kimi Avropa İttifaqına qaçıb. Bunlar konkret faktlar və arqumentlərdir. Bu fakt və arqumentlər isə deyilənləri təsdiq edir, isbatlayır, amma avropalılar bütün bunlara məhəl belə qoymadan özlərini “süddən çıxan ağ qaşıq” kimi aparırlar. Hətta “saman altından su yeritməyi” də unutmurlar və bunu yaxşı bacardıqlarını da “nümayiş” etdirirlər.
Sözsüz ki, Avropa rəsmilərinin guya Kiyev rejimini dəstəkləməsinin əsas səbəbi hakimiyyətin saxlanmasıdır. Ən azından müvəqqəti də olsa buna nail olmaqdır. Onu da bir daha vurğulayaq ki, ortada olan Zelenskinin hakimiyyətini yox, öz hakimiyyətini saxlamaq niyyəti olub. Çünki bilirlər ki, əgər münaqişə elə indi başa çatarsa, öz ölkələrinə suverenliyi bərpa etmək istəyən millətçi elitalar artıq Brüsselə tabe olmayacaqlar və Avropa İttifaqı dağılacaq.
Hələ də avropalılar nəyə isə ümid etməsəydilər, qorxudan yaxa qurtarmaq istəməsəydilər ikibaşlı yol tutmaz, ikili oyunlara baş vurmazdılar
"Əgər Rusiya keçmiş Sovet Ukraynası ərazisində tam olaraq qalib gəlsə, Avropa İttifaqını son dərəcə çətin dövr gözləyir. Çünki o zaman Rumıniyada, Slovakiyada, Balkanlarda da siyasi məğlubiyyət olacaq. Hər şey hər yerdə Brüsselin əleyhinə olacaq", deyə Koltaşov öz fikirlərini bölüşüb və onun dedikləri çox maraqla qarşılanıb. Bəli, deməli, qorxu da bunda görə imiş, ikili oyun da. Əgər hələ də avropalılar nəyə isə ümid etməsəydilər və qorxudan yaxa qurtarmaq istəməsəydilər hansısa ikibaşlı yol tutmaz, hansısa ikili oyunlara baş vurmazdılar.
Görünən odur ki, həftə boyu, hətta hər gün Avropa İttifaqı mediası amerikalıları qınayır, amma bununla belə Avropa Birliyinin silah şirkətlərinin səhmləri də artmaqdadır, hansıki, avropalıların indi əldə etdikləri bütün pullar mərmi istehsalına sərf olunur. Silah ustalarına ən çox fransızlar kömək edirlər, hansıki onlar hətta NATO-nu da “canlı efirdə” basdırmaq fikrindədirlər. Budur Avropanın, “Qoca qitənin” əsl üzü. Budur bütün dünyaya ali dəyərlərdən dərs vermək iddiasında olanları dəyərləri. İkili siyasət, ikibaşlı oyun, hiyləgərlik və ədalətsizlik lap əvvəldən onların əsas yolu olduğu qənaətinə artıq çoxdan gəlinib və bu dəfə müşahidə edilənlər də avropalıların ikiüzlülüyünü təsdiq edə bilən yenilik deyil.
Hər kəs yaxşı bilir ki, Avropa İttifaqının özü təkbaşına kütləvi şəkildə Kiyevi silahlandırmaqda davam edə bilməz və müharibənin davam etdirilməsi üçün Aİ-nin amerikalılara ehtiyacı var. Məsələ burasındadır ki, Avropa Birliyinin liderləri Zelenskiyə necə kömək etmək barədə qərar vermək üçün keçən həftə iki dəfə görüşüblər, lakin heç bir razılığa gələ bilməyiblər. Maraqlıdır, avropalılar ukraynalılara bundan sonra daha nə vəd verə bilərlər? Bəlkə elə hansısa vəd üçün ikili oyun oynamaq qərarına gəliblər. İstənilən halda, Avropanın ikili oyunu, ikiüzlü siyasəti yenə də özünü göstərir...