“Sanksiyalar, ticari müharibələr və digər amillər iqtisadiyyata mənfi təsir göstərir, həmçinin iqtisadi artımı ləngidir. Bununla yanaşı xərcləri də artırır. Buna nümunə olaraq deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsinə bəzi sanksiyalar qoyulub. Bunun nəticəsində Azərbaycan da bundan olduqca ziyan çəkir. Logistika xərcləri həddindən çox artırılır. Çünki əvvəlki yükdaşıma xidmətləri ən aşağı xərclərlə seçilirdi, lakin indiki zamanda isə ölkələr öz ərazilərində yüklərini daşımağa imkan tapa bilmir. Yəni bütün logistika xərcləri artırılır”. Bu sözləri iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Qırmızı dənizdə “Hussi” adlı qrup İsrail gəmilərini vurduqlarını iddia edirdi: “Nəticədə nə baş verdi? Bütün dünyada gəmi ticarətinin qiyməti artırıldı. Bizim ölkənin yükləri Qırmızı dənizdən keçmir, lakin digər ölkələr olan Çin, Pakistan yaxud Hindistandan gələn mallarımızın qiymətinə də təsir etdi. Yəni bu kimi hadisələr yalnız bir istiqamətə təsir göstərmir, hər yerə öz izlərini və təsirlərini buraxır. Bu cür sanksiyalar iqtisadi artımı ləngidir, inflyasiyanı artırır. Bir sözlə, inflyasiyanın qiymət artımından danışan zaman, buna bir səbəb olaraq da qlobal problemləri demək lazımdır. Qiymət səviyyəsinin artması insanlarda real alıcılıq qabiliyyətini aşağı salır. Faktiki olaraq insanların yoxsullaşmasına, real gəlirlərinin aşağı düşməsinə gətirib çıxarır. Bütün bunlar sonda isə əhalinin real alıcılıq qabiliyyətinə mənfi təsir göstərən amillərdir. Hər bir ölkənin bir neçə sanksiya tətbiq etməkdə öz maraqları vardır. Lakin bütünlükdə bu məsələlər iqtisadiyyatın artımına təsir göstərir”.