Azərbaycanın şərabçılıq turizmi üzrə imkanları İtaliyada nümayiş olunur - FOTOLAR

24 Fevral 2025 16:01 (UTC+04:00)

İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında Azərbaycanın icma əsaslı şərabçılıq ənənələri təqdim olunur. Dövlət Turizm Agentliyindən SİA-ya bildirilib ki, ölkəmizin ikinci dəfə təmsil olunduğu sərgidə qastroturizm və enoturizm imkanları təbliğ olunaraq, qonaqlara şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliklik məhsulları tanıdılır. Yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən Xocavənd rayonunun Tuğ kəndindən toplanmış eyniadlı üzüm sortlarından hazırlanmış “Xındoqnı” şərabları və digər icma əsaslı şərablar təmsil edir.

Fevralın 25-dək davam edəcək sərgidə 1000-dən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən 10 mindən artıq ziyarətçinin iştirakı gözlənilir. “Slow Food” hərəkatının tərkib hissəsi kimi, “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.