“Xocalı faciəsi ən ağır cinayətlərdən biridir” - MÜNASİBƏT BİLDİRİLDİ

24 Fevral 2025 15:22 (UTC+04:00)

“Məlumdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir”. Bu sözləri SİA-ya açıqlasında deputat Azay Quliyev deyib.


Azay Quliyev sözlərinə belə davam edib: “Xocalı faciəsi Azərbaycan xalqının başına gətirilmiş ən ağır, ən faciəli cinayətlərdən biridir. Baxmayaraq ki biz torpağımızı azad etmişik, soyqırıma məruz qalanların qisasını həm döyüş meydanında almışıq, həm də indi onların hal-hazırda bir qrupunun məhkəməsi gedir və ədalət məhkəməsinə cəlb olunub. Onlar dövlət və hüquq qarşısında cavab verəcəklər.

Bütün bunlar əlbəttə ki Azərbaycan xalqının, dövlətinin və Ali Baş Komandanının çox böyük bir tarixi uğurudur, həm də ilahi bir ədalətdir. Amma buna baxmayaraq biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq, bu bizim qan yaddaşımızda əbədi olaraq qalmalıdır və o həm də bizə hər dəfə erməni vəhşiliyini, erməni vandalizmini, erməni cinayətini xatırladacaq.

Keçmiş tarixi təbii ki xatırlamaqla gələcəyi də qurmalıyıq, gələcəkdə də biz bölgədə təhlükəsizliyi tam olaraq təmin etmək üçün, eyni zamanda bu cür cinayətlərin təkrarlanmaması üçün daha güclü və mütəşəkkil olmalıyıq. Allah Xocalı soyqırımında vəfat edənlərə və bütün şəhidlərimizə rəhmət eləsin”.

Ayşən Vəli