“Azərbaycanın gimnastika tarixində ilkə imza atdıq” - Gimnast DANIŞDI

24 Fevral 2025 13:01 (UTC+04:00)

“Bu Dünya Kuboku ilin ilk yarışı idi”. Bunu SİA-ya Azərbaycan millisinin gimnastı Selcan Mahsudova deyib.

O, Bakıda keçirilən Dünya Kubokunda qarışıq cütlüklər arasında sinxron yarışda bürünc medal qazanmasını şərh edib.

Mahsudova vurğulayıb ki, bu yarışda o Azərbaycanı 3 növdə - fərdi, qarışıq və qadın sinxronunda təmsil edib: “Hər birində final mərhələsinə yüksəlməyi bacardım. Bunun üçün çox sevinirəm. Təbii ki, bizim digər gimnastlarımız Mehdi Əliyev, Nicat Mirzəyevdə kişi cütlüyündə finala vəsiqə qazanmışdılar. Fərdi növdə mən dördüncü oldum. Şəfiqə Hümbətova ilə sinxronda da dördüncü yerə layiq görüldüm. Lakin Əli Niftəliyevlə qarışıq sinxronda bürünc medal qazandıq. Bunun üçün çox sevinirik. Azərbaycanda gimnastika tarixdə ilk dəfə idi ki, qarışıq sinxronda Dünya Kubokunda təmsil olunurduq. Ona görə daha çox sevinirəm ilk təmsilçi olaraq uğurlu nəticə əldə etdik. Doğma divarlar arasında mübarizə aparmaq həm həyəcanlı, həm də qürurverici idi. Bu çox böyük məsuliyyət idi. Zədəmdən sonra ilk yarışım olduğu üçün çox həyəcanlı idim. Olimpiya Oyunlarından sonra ilk yarışım bu Dünya Kuboku oldu”.

O gələcək planlarından da söhbət açıb: “Bundan sonraki hədəfimiz İtaliyada keçiriləcək Dünya Kubokudur. İnanırıq ki, orda da yaxşı nəticə əldə edəcəyik”.

Qeyd edək ki, batut gimnastikası üzrə idmançılarımız Selcan Mahsudova və Əli Niftəliyev Dünya Kubokunda qarışıq sinxronda 47.990 xal toplayaraq bu tarixi nəticəyə imza atıblar.