Taksi qiymətləri niyə kəskin bahalaşıb? - EKSPERT AYDINLIQ GƏTİRDİ

24 Fevral 2025 12:47 (UTC+04:00)

“Bilirsiniz ki, tələb təklif məsələsi gündəmə gəlib. Biz bunu əvvəldən demişdik. İndiyə qədər kifayət qədər taksilərin sayının azalması müəyyən qanunvericilikdə baş verən dəyişikliklər, AYNA-nın tətbiq etdiyi taksi xidməti ilə məşğul olmaq üçün mexanizmlər, sertifikasiya, imtahanlardan keçirilməsi, nəqliyyat vasitələrinin təzə olması və digər məsələlər artıq taksilərin bilavasitə sonsuz dərəcədə azalmasına gətirib çıxardı”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli son günlər hava şəraiti ilə bağlı taksi qiymətlərinin kəskin artımı barədə danışarkən deyib.

Onun sözlərinə görə, yeni nəqliyyat parkı da hələlik formalaşmayıb özəl taksi şirkətləri tərəfindən: “Ona görə də nəqliyyat vasitəsinin sayı azaldıqca burada təklif tələbi üstələyir. O baxımdan, əgər belə bir situasiya tələb təklif disbalansı pozulduqda bu da xidmətdə qiymətin artmasına gətirib çıxaracaq”.

İlqar Hüseynli sözlərinə belə davam edib: “Özəl sektordur, istədiyi qiymətə istədiyi məsafədə sərnişindaşımanı təşkil edə bilər. Yəni onların qiymət mexanizmi hansısa bir dövlət qurumu tərəfindən, tarif şurası tərəfindən tənzimlənmir.

Xüsusən yağışlı vaxtlarda, xüsusən tıxac vaxtlarında, xüsusən belə bir qar vaxtı taksi xidmətinə çıxanların sayı azaldığına görə kimsə indi həyatıyla risk eləyir daha çox pul qazanmaq ehtiyacları ucundan o təbii ki istədiyi qiyməti də diktə eləyəcək və bunu artıq qəbullanmaq lazımdır”.

Ayşən Vəli