“ADY ölkə ərazisində fevralın 20-si axşam saatlarından müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”. ADY-nin Kommunikasiya departamentinin əməkdaşı Bəxtiyar Hacıyev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür: “Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub.
Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.
Sərnişinlərdən platformalarda hərəkət edərkən ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur. Hər bir sərnişinin təhlükəsizliyi ADY üçün çox önəmlidir.
Qarlı-şaxtalı hava şəraitində sərnişinlər təhlükəsiz nəqliyyat vasitəsi kimi daha çox qatarla səyahətə üstünlük veriblər. ADY-nin rayonlararası qatarları 100 faiz doluluqla hərəkət edib.
Qarlı-şaxtalı hava şəraitində bütün qatarlar qrafik üzrə hərəkətini davam etdirib”.