Buzlaqlar sürətlə əriyir, qlobal fəlakət riski artır - dünya üçün təhlükə siqnalı...

24 Fevral 2025 09:28 (UTC+04:00)

İqlim problemləri ilə bağlı həyəcan təbili durmadan artır. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, iqlim dəyişikliyi buzlaqların daha sürətlə əriməsinə səbəb olur. “Nature” jurnalında dərc edilən yeni tədqiqatın nəticələrinə görə, 2000-ci ildən bəri dünya üzrə buzlaqların orta hesabla 5 faizindən çoxu əriyib və bu proses son onillikdə daha da sürətlənib.

Araşdırmalar göstərir ki, son 23 il ərzində təxminən 7 trilyon ton buzlağın əriməsi dəniz səviyyəsini təxminən 2 santimetr qaldırıb. Xüsusilə Alp dağları bu ərimənin ən çox müşahidə olunduğu bölgələrdən birinə çevrilib. Buzlaq kütləsinin azalması milyonlarla insan üçün içməli su təchizatını təhlükə altına qoymaqla yanaşı, dəniz səviyyəsinin yüksəlməsi səbəbindən sahilyanı bölgələrdə daşqın riskini artırır.

Araşdırmaya əsasən, XXI əsrin əvvəlindən bəri buzlaqlar 6500 milyard tondan çox kütlə itirib. 2000-2011-ci illər arasında buzlaqlar hər il orta hesabla 231 milyard ton ərimişdirsə, bu göstərici 2012-2023-cü illər arasında 314 milyard tona yüksəlib. 2023-cü ildə isə rekord səviyyədə – 548 milyard ton buzlaq əriyib. Bütün bu sadaladığımız faktlar dünya üçün ciddi iqlim təhlükəsinin reallaşdığını aydın şəkildə ortaya qoyur.

Mətləb Salahov