Ötən sutka 25 yanğına çıxış olub

24 Fevral 2025 09:19 (UTC+04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə SİA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb, 1 nəfərin meyiti təhvil verilib.